Azərbaycan FAO ilə birlikdə Qarabağda 200 hektardan çox meşəni bərpa edəcək

Azərbaycan FAO ilə birlikdə Qarabağda 200 hektardan çox meşəni bərpa edəcək Bakıda “Azərbaycanda meşə sahəsi üzrə bilik çərçivəsinin möhkəmləndirilməsi üçün meşə ehtiyatlarının qiymətləndirilməsi və monitorinqi” layihəsi üzrə yekun seminar keçirilir.
İnfrastruktur
15 Dekabr , 2021 11:03
Azərbaycan FAO ilə birlikdə Qarabağda 200 hektardan çox meşəni bərpa edəcək

Bakıda “Azərbaycanda meşə sahəsi üzrə bilik çərçivəsinin möhkəmləndirilməsi üçün meşə ehtiyatlarının qiymətləndirilməsi və monitorinqi” layihəsi üzrə yekun seminar keçirilir.

"Report" xəbər verir ki, layihəni Ekologiya və Təbii Sərvətlər Nazirliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Qlobal Ekologiya Fondu həyata keçirir.

Seminarı giriş sözü ilə FAO-nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mələk Çakmak açıb. Onun sözlərinə görə, qurumla Azərbaycan uğurlu əməkdaşlıq edir və bu günkü layihə əməkdaşlığın bariz nümunəsidir.

“Layihənin həyata keçirilməsində məqsəd meşələrin keyfiyyətini artırmaqdır. 4 ildir ki həyata keçirilən layihə çərçivəsində uğurlu əməkdaşlıq qurulub. Meşə idarəedilməsi sisteminin inkişafı, yerli mütəxəssislərin bacarıqlarının artırılması istiqamətində uğurlu işlər həyata keçirilib.Bu istiqamətdə bir sıra təlimlər keçirilib. Hər bir meşə mərkəzi üzrə meşələrin idarəedilməsi planları hazırlanıb. Layihə çərçivəsində Qax və Ağdaşda 10 fermerə də dəstək göstərilib. Bu iki rayonda 50 ha sahədə meşəsalma ,93 ha sahədə meşə bərpa tədbirləri həyata keçirilib. FAO meşəçilik sahəsində daha iki layihə planlaşdırır. Ümid edirəm ki, layihələri hökumət təsdiq edər. Ekosistem qorunmalı və gələcək nəsillərə ötürülməlidir”, - deyə o, qeyd edib.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov isə bildirib ki, FAO ilə əməkdaşlıq 20 ildən çoxdur davam edir: "3 istiqamət üzrə layihə təklifləri var. İnanıram ki, həmin layihələr də təsdiqlənəcək və növbəti illərdə həyata keçiriləcək. Təəssüf ki, meşələrin idarə olunmasında planlı təsərrüfat, sovet üsulundan çox da uzaqlaşa bilməmişik. Müasir idarəetmənin tətbiqinə çox ehtiyac var. İşğaldan azad olunmuş ərazilərdə bioloji müxtəlifliyin qorunması, zəngin su ehtiyatlarından istifadə, mineral xammal ehtiyatlarına dəymiş ziyanların hesablanması və bununla bağlı iddiaların qaldırılması, meşələrin bərpası istiqamətində işlər gedir: Qarabağda FAO ilə birlikdə layihələr həyata keçirəcəyik. Bir layihə çərçivəsində 200 hektar meşə ərazisinin bərpası gözlənilir".

Xatırladaq ki, layihənin icrasına 1 oktyabr 2017-ci ildən başlanılıb. Onun büdcəsi 1 484 247 ABŞ dolları təşkil edir. Azərbaycan meşə örtüyü ilə az olan ölkələr sırasına daxildir. Dövlət Meşə Fondunun ümumi meşə sahəsi 1 213 700 ha-dır. Bundan 1 036 270 ha hissəsi meşə ilə örtülü olmaqla ölkə ərazisinin 12%-ni təşkil edir. Layihə meşələrin sosial və iqtisadi baxımdan səmərəliliyini artırmaq, mövcud meşələrin keyfiyyətini yaxşılaşdırmaq və karbonun udulmasını artırmaq üçün Azərbaycanda dayanıqlı meşə idarəçiliyi sisteminin yaratmaq məqsədi daşıyır, 3 kompenentdən ibarətdir. Birinci komponent meşə ehtiyatları barədə Məlumatları İdarəetmə Sisteminin yaradılmasıdır. Bu kompenentin əsasında layihə ölkə boyu meşə ehtiyatları, meşəçilik ilə əlaqədar elementlər barədə etibarlı, yenilənmiş məlumatlı və qlobal miqyasda meyarlar əsasında onların qiymətləndirməsini təmin edən sistemin inkişafına dəstək verəcək. İkinci kompenent karbonun udulmasına, meşə ehtiyatlarının və yerli icmaların sosial vəziyyətinin yaxşılaşdırılmasına gətirib çıxaran çoxfunksiyalı meşə idarəçiliyinin əsasının qoyulmasıdır. Üçüncü komponent işə monitorinq, qiymətləndirmə və biliklərin mübadiləsidir. Həmçinin, layihə çərçivəsində 2020-2025 -ci illəri əhatə edən Milli Meşə Proqramı yenilənib və onun Fəaliyyət Planı hazırlanıb.

Son xəbərlər

Orphus sistemi