Bakıda İƏT-in üzv dövlətlərin dəmir yolu rəhbərlərinin 13-cü iclası keçirilir

Bakıda İƏT-in üzv dövlətlərin dəmir yolu rəhbərlərinin 13-cü iclası keçirilir Tədbirdə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin icra vəziyyəti müzakirə olunur
İnfrastruktur
17 Aprel , 2017 11:39
Bakıda İƏT-in üzv dövlətlərin dəmir yolu rəhbərlərinin 13-cü iclası keçirilir

Bakı. 17 aprel. REPORT.AZ/ Bu gün Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin dəmir yolu rəhbərlərinin 13-cü iclası, İƏT-in Tranzit Nəqliyyatı üzrə Əlaqələndirmə Şurasının (TTCC) Dəmir Yolu Komitəsinin 7-ci iclası və İƏT-in Qəzvin-Rəşt-Astara (İran)- Astara (Azərbaycan) dəmir yolu layihəsi üzrə yüksək səviyyəli işçi qrupunun 3-cü iclası işə başlayıb. 

Azərbaycan Dəmir Yolları QSC mətbuat xidmətindən "Report"a verilən məlumata görə, sabah başa çatacaq tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Pakistan, İran, Çin, eləcə də İslam İnkişaf Bankı (İİB), Dəmir yolu ilə Beynəlxalq Yük Daşımaları üzrə Hökumətlərarası Təşkilat (OTİF), Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası (UNECE), BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP) və İqtisadi Əməkdaşlıq Təşkilatının Ticarət və İnkişaf Bankının (ECO-TDB) nümayəndə heyətləri iştirak edirlər.

Tədbiri giriş sözü ilə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini İqbal Hüseynov açaraq ölkədə dəmir yolu üzrə həyata keçirilən layihələr, infrastrukturun və texniki heyətin müasirləşdirilməsi prosesi, tranzit potensialının artırılması istiqamətində beynəlxalq nəqliyyat dəhlizlərinin rolu eləcə də qarşıda duran vəzifələr haqqında məlumat verib.

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin icra vəziyyətindən danışan İ.Hüseynov bildirib ki, artıq Astara stansiyasından İranla dövlət sərhəddinə qədər birxətli 8,3 km dəmir yolunun çəkilişi və Astara çayı üzərindəki dəmir yolu körpüsünün tikintisi yekunlaşıb. Bu günlərdə sınaq qatarı sərhədi yeni tikilmiş körpü vasitəsilə keçib. Hazırda Astarada (İran) geniş işlər aparılır. Bu işlərin tərkibinə 35 hektar ərazidə dəmir yolu stansiyasının tikintisi və yüklərin boşaldılması üçün terminalın inşası da daxildir.

Nümayəndə heyətlərinin başçıları təmsil etdikləri qurumlarda bu istiqamətdə görülən işlər və İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin dəmir yolu rəhbərlərinin 12-ci iclasından keçən dövr ərzində dəmir yolu sektorunda həyata keçirilən islahatlar haqqında məlumat veriblər.

Daha sonra dəmir yolu nəqliyyatı sahəsində regional əməkdaşlığın gücləndirilməsi istiqamətində görüləcək işlər müzakirə olunub.

Xatırladaq ki, həmin iclas 2015-ci ilin may ayında İranın paytaxtı Tehranda keçirilib.

Son xəbərlər

Orphus sistemi