Bakıda yüksək mərtəbəli binaların zəlzələyə davamlığının müntəzəm monitorinqi ilə bağlı layihə hazırlanıb.
"Report" xəbər verir ki, bunu Azərbaycan Memarlıq və İnşaat Universitetinin Zəlzələ mühəndisliyi elmi-tədqiqat Mərkəzinin direktoru Azər Qasımzadə Bakıda keçirilən Katastrofik Risklərə Qarşı Dayanıqlı Maliyyə Sistemi Konfransında bildirib.
Onun sözlərinə görə, sığorta şirkətləri həmin binalardakı mənzilləri sığorta edərkən monitorinqin nəticələrini nəzərə alacaqlar.
A. Qasımzadə bildirib ki, zəlzələ baş verdiyi zaman böyük risk daşıyan binaların qiymətləndirilməsi aparılıb:
"Bu hesablama ən son 2000-ci ildə baş verən böyük zəlzələ zamanı zədələnmiş binalara əsasən hazırlanıb. Həmin zəlzələ zamanı zədə alan binaların 25 %-i dəmir-beton panelli binalar, 70 %-i daş binalar, 5 %-i isə yığma daş konstruksiyalı binalar idi”.