Bakıda ev sökülmədən kanalizasiya kollektorunda qəza aradan qaldırılıb

Bakıda ev sökülmədən kanalizasiya kollektorunda qəza aradan qaldırılıb Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Bakıda fərdi yaşayış evi sökülmədən kanalizasiya kollektorunda qəzanı aradan qaldırıb.
İnfrastruktur
4 Aprel , 2024 14:52
Bakıda ev sökülmədən kanalizasiya kollektorunda qəza aradan qaldırılıb

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Bakıda fərdi yaşayış evi sökülmədən kanalizasiya kollektorunda qəzanı aradan qaldırıb.

"Report" bu barədə agentliyə istinadən xəbər verir.

Məlumata görə, paytaxtın Xətai rayonunun Köhnə Günəşli yaşayış massivində kanalizasiya kollektorunun üzərində və mühafizə zonasında tikilmiş fərdi yaşayış evləri baş vermiş qəzanın aradan qaldırılmasında ciddi çətinliklər yaradıb.

1980-ci illərində inşa edilmiş Günəşli kanalizasiya kollektoru Əhmədli qəsəbəsi və Köhnə Günəşli yaşayış massivində formalaşan tullantı sularının Hövsan Aerasiya Stansiyasına yönləndirilməsini təmin edir. Ötən əsrin sonlarında və 2000-ci illərin əvvəllərində vətəndaşlar kollektorun mühafizə zonasını zəbt edərək fərdi yaşayış evləri tikib. Həmin evlərin kanalizasiya çıxışları baxış quyularına deyil, birbaşa kollektora birləşdirilməklə tikinti normaları kobudcasına pozulub, nəticədə kollektorun istismarında risklər yaranır. Bununla yanaşı, mühafizə zonasının zəbt olunması uzun illərdir istismar olunan kollektorda təmir işlərinin aparılmasına imkan vermir. Bəzi hallarda qəza aradan qaldırılarkən məcburən ərazidəki tikililər sökülməli olur.

Kollektorda sonuncu böyük qəza bu ilin yanvar ayında baş verib və fərdi yaşayış evlərindən birinin altında kollektor çöküb. Təmir-bərpa işlərinin aparılması üçün ev sahibi heç bir şərait yaratmayıb. Bundan sonra Fövqəladə Hallar Nazirliyinə, Bakı şəhər və Xətai Rayon icra Hakimiyyətlərinə rəsmi müraciət olunub. Aidiyyəti dövlət qurumlarının əməkdaşlarının iştirakı ilə qəza yerinə baxış keçirilib, vəziyyətlə bağlı akt tərtib olunub. Rəsmi dövlət qurumlarının müdaxiləsindən sonra mənzildə yaşayan sakinlər və əşyalar təxliyyə edilərək təmir-bərpa işlərinə başlanılıb. Təmir işləri aparılarkən yaşayış evinə ziyan dəyməməsinə xüsusi diqqət yetirilib. Bu məqsədlə 800 mm diametrli kollektorun içərisində yeni boru yerləşdirilib. Eyni zamanda ətraf yaşayış evlərinin tullantı sularının kollektora ötürülməsi məqsədilə kanalizasiya quyusu quraşdırılıb.

"Magistral su xətləri, kanalizasiya kollektorları, anbarlar və digər hidrotexniki qurğuların mühafizə zonasında, üzərində fərdi yaşayış evlərinin və obyektlərin tikintisi qadağandır. Vətəndaşlar və sahibkarlar fərdi yaşayış və obyekt üçün torpaq alarkən həmin ərazidə kommunikasiya sistemlərinin olub olmamasını dəqiqləşdirmək üçün müvafiq qurumlardan rəy almalıdır. Eyni zamanda içməli su və kanalizasiya şəbəkələrinə qanunsuz qoşulma yolverilməzdir və xidmətlərdən yararlanmaq üçün mütləq texniki şərt alınmalıdır", - deyə məlumatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi