Bakıda ən iri magistral su kəməri layihəsi ilə bağlı tender elan edilib

İnfrastruktur
  • 10 mart, 2022
  • 05:58
Bakıda ən iri magistral su kəməri layihəsi ilə bağlı tender elan edilib

“Azərsu” ASC Ceyranbatan-Abşeron-Balaxanı-Ramana-Zirə-Pirallahı magistral su kəməri və həmin kəmər boyu yerləşən mərkəzi anbarların tikintisi işləri üçün açıq tender elan edib.

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 500 manatdır.

İddiaçılar ilkin sənədləri aprelin 20-si, saat 16:00-a qədər, tender təklifi və onun dəyərinin 1 %-i qədər bank təminatını isə aprelin 29-u, saat 16:00-a qədər səhmdar cəmiyyətin yerləşdiyi Bakı şəhəri, Moskva prospekti, 67 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.

Təkliflərə mayın 4-ü, saat 16:00-da yuxarıda qeyd olunan ünvanda baxılacaq.

Qeyd edək ki, magistral xəttində işlərə "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində başlanılıb, həmçinin içməli suyun özüaxımlı rejimdə nəqlini həyata keçirmək məqsədi ilə Abşeron rayonu ərazisində "+ 118 Atyalı" su anbarı inşa edilib. Bu işlər çərçivəsində Ceyranbatan sutəmizləyici qurğular kompleksindən həmin anbara qədər diametri 1 620 mm, uzunluğu 11 km olan xəttin tikintisi təmin edilib.

Magistral xəttin Ceyranbatan sutəmizləyici qurğular kompleksindən Qala qəsəbəsinədək olan hissəsi tikilərək bu istiqamətdə yaşayış məntəqələrinə içməli suyun verilməsi təmin edilib.

Magistral su xətlərinin çəkilişi ilə paralel olaraq yaşayış məntəqələrində yeni içməli su və kanalizasiya infrastrukturları yaradılır. Məhsuldarlığı saniyədə 6 kubmetr olacaq Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğunun istismara verilməsi və Ceyranbatan-Balaxanı-Ramana-Zirə-Pirallahı magistral kəmərinin çəkilişi Abşeron yarımadasında 1 milyondan artıq sakinin içməli su təchizatının yaxşılaşmasına səbəb olacaq.