Vətəndaş müraciətləri nəzərə alınaraq, paytaxtın Asif Məhərrəmov küçəsində piyada təhlükəsizliyi səviyyəsi artırılıb. Sıx məskunlaşmanın və təhsil müəssələrinin olduğu bu küçədə mövcud eyni səviyyəli piyada keçidində xüsusi düymə ilə idarə olunan yeni işıqfor obyektləri quraşdırılıb.
"Report" xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, bununla da ərazidə piyadaların, xüsusilə azyaşlı uşaqların rahatlığı və təhlükəsizliyi təmin edilib, inşa edilmiş panduslar sayəsində əlçatanlıq təmin olunub, işıqfor dirəklərində quraşdırılmış çağırıcı qurğular və panduslara yerləşdirilmiş hiss ediləbilən (tactile) döşəmələr vasitəsilə xüsusilə gözdən əlil şəxslərin təhlükəsizliyi maksimum həddə çatdırılıb.
Hazırda bir sıra ehtiyac olan digər ərazilərdə də bu kimi, nizamlanan eynisəviyyəli piyada keçidlərinin təşkil edilməsi istiqamətində işlər aparılır.