Bakıda daha bir ərazidə taksi duracaq yerləri müəyyən edilib

Bakıda daha bir ərazidə taksi duracaq yerləri müəyyən edilib Yaxın vaxtlarda burada xüsusi nişanlar da qoyulacaq
İnfrastruktur
8 Fevral , 2017 17:12
Bakıda daha bir ərazidə taksi duracaq yerləri müəyyən edilib

Bakı. 8 fevral. REPORT.AZ/ Bakıda "Qara Qarayev" metro stansiyasının ətraf ərazisində (Qara Qarayev prospekti) minik avtomobili ilə taksi xidməti göstərmək üçün taksi duracaq yerləri müəyyən edilib. Bunu "Report"a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin rəhbəri Mais Ağayev bildirib.

"Bakı Nəqliyyat Agentliyi "Qara Qarayev" metro stansiyası ətrafında minik avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olan şəxslərlə maarifləndirici görüş keçirdikdən sonra, həmin ərazidəki taksi sürücüləri fərqlənmə nişanı alınması üçün müraciət ediblər və artıq onların bir qismi fərqlənmə nişanı alıblar", - deyə M.Ağayev bildirib.

Onun sözlərinə görə, sürücüləri orada narahat edən məsələ taksilər üçün duracaqların olmaması idi: "Bununla bağlı da BNA-nın əməkdaşları ümumilikdə, Qara Qarayev prospekti boyunca yanvar ayında təhlillər aparıb. Artıq bu işlər yekunlaşıb və taksi duracaq yerləri müəyyən edilib. Qarşıdakı günlərdə həmin duracaqlarda xüsusi nişanların qoyulması təmin ediləcək".

Xatırladaq ki, yanvarın 18-də Bakı metrosunun "Qara Qarayev" stansiyasının ətraf ərazisində BNA və Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşları minik avtomobili ilə taksi xidməti göstərən fiziki və hüquqi şəxslərlə görüş keçirib. Görüş zamanı sürücülərə Bakıda taksi fəaliyyəti ilə məşğul olmaq istəyən hər bir fiziki və hüquqi şəxsin "Fərqlənmə nişanı" almalı və dövlət rüsumu ödəməli olduğu barədə məlumatlar çatdırılıb.

BNA-nın xüsusi eskpert qrupu paytaxtın bütün küçə və prospektlərində, metro stansiyaları, alış-veriş mərkəzləri və əhalinin sıx toplaşdığı digər ərazilərdə təhlillər aparır. Bunun nəticəsində yerləşdiyi ərazidə avtonəqliyyat vasitələrinin və piyadaların hərəkətinə mane yaratmayan dayanacaqlar pasportlaşdırılır. Artıq 79 belə dayanacaq pasportlaşdırılaraq taksi sürücülərinin ixtiyarına verilib. 

Son xəbərlər

Orphus sistemi