Bu gün Bakıda Çoxsəviyyəli Fəaliyyət və Şəhərsalma Pavilyonunun rəsmi açılışı olub.
"Report" xəbər verir ki, mərasim noyabrın 11-dən başlayaraq noyabrın 22-nə qədər Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində baş tutub.
Açılış lentini Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevlə Türkiyənin Ətraf mühit və şəhərsalma naziri Murat Kurum kəsiblər.
"Urbanizasiyada iqlim dəyişikliyi ilə mübarizədə üzləşdiklərimiz çətinlikləri qəbul etməliyik. İqlim dəyişikliyi ilə mübarizədə şəhərlərin çoxşaxəli fəaliyyətlərinin nə qədər vacib olduğunu bilməliyik. Şəhərlər iqtisadi böyümə ilə yanaşı ilə həm də ətraf mühitə zərərin minimuma endirilməsi baxımından yaradılmalıdır", - deyə A.Quliyev bildirib.
"COP29-da Türkiyəni çoxsaylı iştirakçı ilə təmsil edirik. Bütün manelərə baxmayaraq Azərbaycan COP29-u yüksək səviyyədə keçirir. Buna görə ölkənizə təşəkkür edirəm" - deyə M.Kurum qeyd edib.