Bakı. 3 mart. REPORT.Az/ Bakı şəhərinin "Koroğlu" metro stansiyası yaxınlığındakı ərazidə idmançıların Atletlər Kəndindən idman arenalarına daşınması məqsədilə nəzərdə tutulan avtobusların saxlanılması üçün müvəqqəti dayanacaq meydançaları inşa olunur. Bunu "Report"a Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin Mətbuat Katibliyinin rəhbəri Pünhan Mürsəliyev bildirib.
Onun sözlərinə görə, dayanacaq meydançalarını ayırmaq məqsədilə həmin əraziyə səki daşları düzüləcək: "Bununla da arenaya gedən avtobusların duracaq yerləri müəyyənləşəcək".
Qeyd edək ki, sözü gedən meydança drenaj sistemi ilə təmin olunub. Bundan əlavə, həmin ərazidə işıqlandırma və digər abadlıq işlərinin aparılması nəzərdə tutulub.