“Azərbaycan dövləti ölkəmizdə IV Sənaye İnqilabı texnologiyalarının geniş və effektli tətbiqi ilə bağlı bir sıra addımlar atmaqdadır".
"Report" xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti vəzifəsini icra edən Arif Həşimov Bakıda keçirilən 5-ci Şərq Tərəfdaşlığı E-infrastrukturlar Konfransının (The 5th Eastern Partnership E-infrastructures Conference – “EaPEC 2022”) açılış mərasimində bildirib.
Onun sözlərinə görə, IV Sənaye İnqilabı nəticəsində bütün fəaliyyət sahələri kimi, elm və təhsil də yeni inkişaf mərhələsinə qədəm qoyub: "Hesab edirəm ki, Azərbaycanın Avropaya inteqrasiyası baxımından yeni texnologiyaların imkanları mühüm əhəmiyyət kəsb edir”.
Alim qeyd edib ki, “EaPEC 2022” Azərbaycan elmi ictimaiyyətinin Avropaya inteqrasiyasını sürətləndirməklə yanaşı, azərbaycanlı alimlərə xarici həmkarları ilə birgə tədqiqatlar aparmağa, layihələr həyata keçirməyə və beynəlxalq elmi əməkdaşlığı möhkəmləndirməyə imkan verəcək. O, belə nüfuzlu konfransın ölkəmizdə keçirilməsinin Aİ-nın Azərbaycan dövlətinə və onun apardığı siyasətə etimadının göstəricisi olduğunu deyib.
A.Həşimov Azərbaycanın Avro-Atlantik məkana inteqrasiya istiqamətində uzun illərdir ki, ardıcıl və məqsədyönlü siyasət həyata keçirdiyini, əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu bu siyasəti Prezident İlham Əliyevin uğurla davam etdirdiyini diqqətə çatdırıb. Azərbaycanla Avropa İttifaqı arasında genişspektrli əməkdaşlığın tarixindən bəhs edən akademik bu əlaqələrin hüquqi əsasının 1996-cı ildə imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi ilə qoyulduğunu, 2004-cü ildən başlayaraq ikitərəfli əlaqələrdə yeni mərhələnin başladığını qeyd edib.
Xatırladaq ki, tədbirdə yüksək vəzifəli şəxslər, AMEA-nın elmi-tədqiqat institutlarının rəhbərləri, 50-yə yaxın ölkəni, beynəlxalq təşkilatları və nüfuzlu xarici şirkətləri təmsil edən alim və mütəxəssislər iştirak edirlər.
Konfrans GEANT Assosiasiyasının təşəbbüsü və koordinasiyası ilə həyata keçirilən, Şərq Tərəfdaşlığı ölkələrini əhatə edən “EaPConnect” (‘EU4Digital: Connecting Research and Education Communities) layihəsi çərçivəsində təşkil olunub. Tədbirin əsas məqsədi Şərq Tərəfdaşlığı ölkələri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və bu dövlətlərin Avropa ictimaiyyətinə inteqrasiyasının sürətləndirilməsidir.