Türkiyənin İstanbul şəhərində keçirilən 17-ci “Logitrans-2022” Beynəlxalq Nəqliyyat və Logistika sərgisində Bakı-Tbilisi-Qars dəmir yoluna yeni növ yüklərin cəlb edilməsi müzakirə edilib.
"Report" xəbər verir ki, bu barədə məlumatı "Azərbaycan Dəmir Yolları" QSC-nin törəmə müəssisəsi - "ADY Konteyner" MMC yayıb.
“Logitrans-2022” Beynəlxalq Nəqliyyat və Logistika sərgisində “ADY Konteyner” MMC də təmsil olunur. Şirkətin Türkiyəyə ezam olunmuş əməkdaşları iştirakçılara ölkəmizin ərazisindən keçən nəqliyyat dəhlizləri və yeni layihələr barədə məlumat veriblər. Yük sahibləri və logistika şirkətləri nümayəndələri ilə keçirilən görüşlərdə yeni əməkdaşlıqların əsası qoyulub. Tərəfdaşlarla aparılan müzakirələrdə əməkdaşlığın genişləndirilməsi üçün fikir mübadiləsi aparılıb, - "ADY Konteyner" bildirib.
Məlumata görə, sərgiyə 23 ölkədən 171 şirkət qatılıb. Sərgi nəqliyyat və logistika sahəsində yeni tərəfdaşlıqların, işgüzar əlaqələrin qurulması baxımından əhəmiyyətli platforma hesab edilir.