​Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin qatarlarında dəyişiklik olacaq

​Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin qatarlarında dəyişiklik olacaq Nəqliyyat vasitələrinə yenilik Türkiyə sərhədindən başlayaraq tətbiq ediləcək
İnfrastruktur
13 Aprel , 2015 17:06
​Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin qatarlarında dəyişiklik olacaq

Bakı. 13 aprel. REPORT.AZ/ Bu il istifadəyə verilməsi planlaşdırılan Bakı-Tbilisi-Qars dəmir yolu xəttində hərəkət edəcək sərnişin qatarlarının Avropada hərəkət etməsi üçün yeni qurğudan istifadə ediləcək. Həmin qurğu sayəsində Gürcüstan-Türkiyə sərhəd-keçid məntəqəsinə yaxınlaşarkən vaqonların təkər cütləri avtomatik olaraq yığılacaq və Avropa standartlarına keçiriləcək. Bu barədə "Report"a "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyinin rəhbəri Nadir Əzməmmədov bildirib. 

N.Əzməmmədov deyib ki, həmin vaqonların təkər cütləri Avropadan Azərbaycana gələrkən isə ölkə standartlarına keçəcək.

Onun sözlərinə görə, Azərbaycanda relslərarası məsafə 1 520 mm, Avropada isə 1 435 mm, yəni daha kiçik olduğundan yük vaqonlarının təkər cütlərinin dəyişdirilməsi deyil, vaqonların dəyişdirilməsi həyata keçiriləcək.

"Dünya təcrübəsinə əsasən, yeni dəmir yolu xətti istifadəyə verilərkən ilk növbədə yük qatarları yola salınır. Bu, bir növ sığorta hesab edilir. Daha sonra isə sərnişin qatarlarının hərəkəti təşkil edilir. Proses bizdə də eyni cür reallaşdırılacaq. Yük qatarları tikilməkdə olan Axalkalakidəki (Gürcüstan) terminalda dəyişdiriləcək və Avropa standartlı vaqonlar quraşdırılacaq", - N.Əzməmmədov bildirib.

Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti üçün İsveçrənin "Stadler Rail Group" şirkətindən 30 ədəd sərnişin vaqonlarının alınması nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi