Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunda təmir davam edir

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunda təmir davam edir Bakı – Quba – Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 16-cı kilometrindən (VAZ dairəsi) 30-cu kilometrinədək (Sumqayıt) olan 14 km hissəsində təmir-bərpa işlərinin 2-ci hissəsi davam etdirilir
İnfrastruktur
1 İyun , 2021 13:07
Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunda təmir davam edir

Bakı – Quba – Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 16-cı kilometrindən (VAZ dairəsi) 30-cu kilometrinədək (Sumqayıt) olan 14 km hissəsində təmir-bərpa işlərinin 2-ci hissəsi davam etdirilir.

Bu barədə "Report"a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Məlumata görə, təmir-bərpa işlərinin 1-ci hissəsi üzrə magistralın 30-cu km-dən (Sumqayıt) 16-cı km-dək (VAZ dairəsi) olan hissəsində yenidənqurma işləri artıq bitib. Təmir-bərpa işləri zamanı yol örtüyünün aşınma qatı frezlənərək kənara daşınır, örtüyün deformasiyaya uğramış hissələri xüsusi texnika vasitəsi ilə sökülərək qaldırılır, yatağın yararsız qruntu qazılaraq çıxarılır, əks-dolğu işləri görülərək yol yatağı yenidən tikilir. Ardınca yeni yol əsası inşa edilir və hamarlayıcı lay asfalt-beton örtüyü döşənir. Bunun ardınca frezlənmiş və hamarlayıcı lay döşənmiş ərazilər iri və xırda dənəli olmaqla 2 laydan ibarət yeni asfalt-betonla örtülür. Artıq “VAZ dairəsi” deyilən ərazidən başlayaraq Ceyranbatan qəsəbəsi istiqamətində 4 km-lik hissədə qeyd olunan işlər görülərək yekunlaşdırılıb. Növbəti 1 km-lik hissədə isə sadalanan işlər davam etdirilir. Magistralın təmir-bərpa işləri aparılan 14 km-lik hissəsinin yol ayrıcında quraşdırılmış əyri xətli dəmir tirlər də sökülərək, beton arakəsmələrlə əvəzlənib.

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində aparılan işlər zamanı avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılır. Məhdudlaşma tətbiq edilən ərazilərdə hərəkət əks istiqamətdə ikitərəfli olaraq təmin olunur. Bu üzdən sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və təmir-tikinti aparılan ərazilərdə quraşdırılan müvəqqəti nişanların tələblərinə riayət etmələri xahiş olunur. Tərtib olunmuş qrafikə uyğun olaraq işlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

Son xəbərlər

Orphus sistemi