"Bakı Metropoliteni" QSC-nin stansiya və tunellərində ventilyasiya sisteminin iş rejimi yay qrafikinə keçirilib.
"Report" xəbər verir ki, bunu qurumun Elektromexanika xidmətinin rəisi Nüsrət Abdullayev bildirib.
Onun sözlərinə görə, əvvəlki illərdən fərqli olaraq indi ventilyatorlar 4 fəsil üzrə - 4 rejimdə işləyir: "Son illərdə metronun stansiya və tunellərində mikroiqlim sisteminin yenilənməsi istiqamətində əhəmiyyətli addımlar atılıb. Yeni və daha güclü ventilyatorların və təbii havalandırma qurğularının tətbiqi ilə yanaşı, 2018-ci ildə güclü ventilyatorların iş qrafikinin dəyişdirilməsi müsbət təsirlərini göstərməkdədir. Həmin ilə qədər ventilyatorların iş rejimi il ərzində iki dəfə dəyişdirilirdi. Bakının iqlim şəraiti nəzərə alınmaqla, tətbiq edilən yeniliklərə əsasən, ventilyatorların iş rejimi fəsillər üzrə qurulmağa başlanıb. Belədə hər fəslin ümumi xarakterik hərarəti, rütubətlilik və digər mikroiqlim parametrləri üzrə aparılmış monitorinqlərin nəticələrinə uyğun qrafiklər tərtib olunur.
Fəsillər üzrə tərtib olunan qrafik gün ərzində havanın hərarətindən asılı olaraq, ventilyatorların axına və sovurmaya işləməsini də nəzərdə tutur. Əsas hesabatlara uyğun olaraq, tunel və stansiya ventilyatorlarının iş rejimi fərqli qurulur. Bu zaman dempferlərin qoşulması və qatarların hərəkətindən yaranan hava kütləsinin dövr etməsi nəticəsində stansiyalarda sabit mikroiqlim mühitinin yaranması təmin edilir. Bina nümunə olaraq, günün isti saatlarında stansiyalarda yerləşən ventilyatorların axına deyil, sovurmaya işləməsi qeyd oluna bilər. Nəticədə, isti hava kütləsinin stansiyalara vurulmasının qarşısı alınmaqla mikroiqlim mühiti optimallaşdırılır. Lakin ventilyasiya sisteminin iş rejimi yay fəslinə uyğunlaşdırılsa da, hava haqqında proqnozlaşdırılan məlumatlar və digər məsələlər diqqətdə saxlanılır. Bu monitorinqlər hər fəsil ərzində də operativ qərarların verilməsini istisna etmir".