"Bakı Metropoliteni" QSC-nin 121 güclü ventilyatoru var ki, onlardan da 39-nun dəyişdirilməsi nəzərdə tutulub.
Bunu "Report"a açıqlamasında qurumun Elektromexanika xidmətinin rəisi Nüsrət Abdullayev deyib.
"Artıq 17 vintelyator dəyişdirilib. Hazırda "Xətai" stansiyasında - 26-cı şaxtada 2 ədəd 55 kilovatlıq "VOM-20" vintelyatoru quraşdırılır. Bundan başqa, "Həzi Aslanov - Əhmədli" mənzilində - 51-ci şaxtada, tuneldə 1 ventilyator, "Neftçilər-Qara Qarayev" mənzilində - 45-ci şaxtada, tuneldə də 1 ventilyator quraşdırılacaq. Bir şaxtada iki ventilyator olur. Onların ikisini də birdən sökmək olmaz. Növbə ilə köhnə ventilyator demontaj olunub çıxarılır və onun yerinə təzə işlək ventilyator qoyulur", - o qeyd edib.
N.Abdullayevin sözlərinə görə, bu il ölkəyə Rusiyanın "Ventprom" şirkətinin istehsalı olan 6 ventilyator gətirilib və daha 6-sının gətirilməsi nəzərdə tutulub. Gələn il isə 6-10 ədəd ventilyatorun gətirilməsi planlaşdırılır.