Bakı metrosunda qatarların yubanması nasazlıqla əlaqədardır?

Bakı metrosunda qatarların yubanması nasazlıqla əlaqədardır? “Bakı metropoliteninin xətlərinin ayrılması tam başa çatdıqdan sonra qatarların hərəkət qrafiki tam fərqli qaydada təşkil olunacaq”.
İnfrastruktur
5 İyul , 2022 14:30
Bakı metrosunda qatarların yubanması nasazlıqla əlaqədardır?

“Bakı metropoliteninin xətlərinin ayrılması tam başa çatdıqdan sonra qatarların hərəkət qrafiki tam fərqli qaydada təşkil olunacaq”.

Bunu “Report”a açıqlamasında son zamanlar qatarların yubanması ilə bağlı sərnişinlərin iddialarına aydınlıq gətirən “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

B.Məmmədovun sözlərinə görə, metronun elektrik deposunun xəttin ortasında yerləşməsi və iki xəttə xidmət etməsi qatarların müəyyən stansiyalara vaxtında çatmasına mane olur:

“Bəzən sərnişinlərin gecikmə dedikləri 1-3 dəqiqəlik yubanmalar olur. Ümumiyyətlə, metro nəqliyyatı sistemində qatarın 1 dəqiqə yubanması ciddi nöqsan sayılmır. Belə yubanmaların olmasına səbəb elektrik deposunun xəttin ortasında qalmasıdır. Qatar xəttə qrafikə uyğun olaraq "Nərimanov" stansiyasından daxil olursa, bu o deməkdir ki, həmin vaxt "Həzi Aslanov-Ulduz" sahəsində interval elan edilmiş 2,5 dəqiqə deyil, daha çoxdur. Həmin vaxt sərnişin "Ulduz" stansiyasına qədər 4-5 dəqiqəlik interval gördükdə, problem olduğunu zənn edir. Metronun “Qırmızı” və “Yaşıl” xətlərinin ayrılmasından sonra bu problem tam aradan qaldırılacaq.

Hazırda qatarların qrafikə uyğun hərəkət etməsi üçün elektrik deposu ilə yanaşı, zərurət yarandıqda, “Neftçilər” və “Memar Əcəmi” stansiyalarından ehtiyat qatarlar xəttə buraxılır. Bu səbəbdən də metro xətlərində hərəkət edən qatarların yubanması deyilən, əslində intervalın daha artıq olması halları daha çox “Memar Əcəmi” və “Neftçilər” stansiyalarından sonrakı sahələrdə ("Nəsimi-Dərnəgül" və "Xalqlar dostluğu-Əhmədli") baş verə bilər”.

“Bakı Metropoliteni” sözçüsü əlavə edib ki, Bakının Baş Planı təsdiq olduqdan sonra metronun xətlərinin ayrılması ilə bağlı məsələlər də konkretləşəcək.

B.Məmmədov həmçinin nasaz qatarların xəttə çıxarılması ilə bağlı iddialara da aydınlıq gətirib:

“Jurnalist həmkarlarımız yaxud sərnişinlər tərəfindən qatarlarda nasazlıqla bağlı göndərilən bütün məlumatlar xüsusi həssaslıqla araşdırılır. Amma bəzən bu iddialar əksini tapmır. Stansiyalarda sərnişinlərin təhlükəsizliyi baxımından qatarlardan düşürülməsi və qatarın yoxlama üçün depoya göndərilməsi zamanı bir sıra hallarda nasazlıq aşkar edilmir. Əlbəttə, nasazlıqların yaranmadığını iddia etmək doğru olmaz və bu hallar ictimaiyyətdən gizli saxlanılmır. Zəruri hallarda ətraflı izahat verilir və səbəbləri bildirilir.

Son bir neçə halda yeni nəsil və yaxud modernləşdirilmiş qatarların stansiyalarda olarkən qapıları ilə bağlı problemlər yaranıb və araşdırmalar nəticəsində bunun sərnişin müdaxiləsi nəticəsində baş verdiyi aydınlaşıb. Onu qeyd edim ki, Bakı metropoliteninin xətlərində hərəkət edən 19 ədəd yeni nəsil qatar ən müasir standartlara cavab verir və burada təhlükəsizlik tələbləri maksimum nəzərə alınıb. Bəzən bilərəkdən, əksər hallarda isə sərnişinlərin bilməyərəkdən qapılarla ehtiyatsız davranması belə hallara gətirib çıxarır”.

Qeyd edək ki, son zamanlar sosial şəbəkələrdə “Bakı Metropoliteni” qatarlarının hərəkəti ilə bağlı sərnişinlər tərəfindən çəkilmiş görüntülər tez-tez yayılır. Sosial şəbəkə istifadəçiləri ya qatarların qrafikdən 3-5 dəqiqə gecikməsi ya da nasazlıq səbəbindən qatarların stansiyalarda boşaldılmasını iddia edirlər.

Əlavə edək ki, “Bakı Metropoliteni” QSC-nin balansında 315 vaqon yaxud 63 qatar var ki, onların da 95 vaqon yaxud 19 qatar kondisionerlə təmin edilmiş yeni nəsil qatarlardır. Gün ərzində isə xəttə 40-45 arası qatar çıxarılır.

Son xəbərlər

Orphus sistemi