Bakı Metrosunda olan kondisionerli qatarlarda mikroiqlim sistemi ilin bütün fəsillərində aktivdir.
Bunu “Report”a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
B.Məmmədovun sözlərinə görə, müasir qatarlarda temperatur avtomatik tənzimlənir:
“Hazırda metroda 19 qatar yaxud 95 vaqonda mikroiqlim tənzimlənməsi sistemi var və standart olaraq 25 dərəcə götürülür. Amma sərnişin sıxlığından asılı olaraq sistemin iş rejimi də dəyişir. Hətta stansiyalar arasındakı məsafə, qapıların açılıb bağlanma tezliyi də temperatura təsir edir”.
“Bakı Metropoliteni” sözçüsü səhhətində problem olan sərnişinlərin maşinistlə əlaqə saxlamasını tövsiyə edib:
“Sistem vaqondakı havanın temperaturunu və təmizliyini avtomatik nizamladığından sərnişin sayı artdıqca temperaturu daha da aşağı salır. Amma əgər hər-hansı sərnişin mövcud temperaturla bağlı səhhətində narahatlıq hissi keçirərsə və daha soyuq temperatura ehtiyacı olarsa xahiş edirik ki, “sərnişin-maşinist rabitə vasitəsi” ilə maşinistlə əlaqə saxlasın. Bu zaman isə maşinist vaqondakı temperaturu mexaniki yolla müəyyən edilmiş daha soyuq həddə sala bilər”.
Qeyd edək ki, hazırda "Bakı Metropoliteni”nin ümumilikdə 315 vaqonu yaxud 63 qatarı var. Lakin onlardan 95 vaqon və ya 19 qatar müasir standartlara cavab verir. Gün ərzində isə xəttə 40-45 qatar buraxılır.