Ölkə Prezidentinin 30 mart 2021-ci il tarixli sərəncamına əsasən yaradılmış “Bakı Metropoliteni” QSC-nin Müşahidə Şurasının ilk iclası keçirilib.
"Report" bu barədə səhmdar cəmiyyətinin idarə edilməsinin həvalə olunduğu Azərbaycan İnvestisiya Holdinqinə istinadən xəbər verir.
Məlumata görə, Müşahidə Şurasının sədri, iqtisadiyyat nazirinin müavini Elnur Əliyevin sədrliyi ilə keçirilən iclasda Şuranın üzvləri, “Bakı Metropoliteni”nin İdarə Heyətinin (İH) sədri Zaur Hüseynov və qurumun digər vəzifəli şəxsləri iştirak ediblər.
İlk olaraq Şura sədri və üzvləri göstərilən etimada görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər. E.Əliyev vurğulayıb ki, sərnişinlərin metro nəqliyyatında daşınmasını həyata keçirən, habelə metropolitenin maddi-texniki bazasını gücləndirməklə, yeni metropoliten xətlərinin və stansiyalarının tikintisini icra etməklə metropolitenin inkişaf etdirilməsini təmin edən dövlət şirkəti olaraq "Bakı Metropoliteni" ölkənin nəqliyyat sektorunda vacib rol oynayır. Bakının geniş ictimai nəqliyyat infrastrukturu olan metronun müasir standartlar səviyyəsində təkmilləşdirilməsi, yeni texnika və texnologiyaların tətbiqi istiqamətində son illər əhəmiyyətli işlər görülüb. Hazırda qarşıda duran əsas vəzifə bu addımların iqtisadiyyatın yeni inkişaf mərhələsinin tələbləri səviyyəsində davam etdirilərək gücləndirilməsidir. Yeni mərhələdə idarəetmə və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, fəaliyyət dayanıqlığının artırılması və bu zaman yarana biləcək təşkilati məsələlərin operativ qaydada aradan qaldırılması xüsusi önəm daşıyır.
“Bakı Metropoliteni”nin fəaliyyətinin təkmilləşdirilməsi, daha da inkişafına yönəldilmiş addımların atılması Müşahidə Şurasının əsas vəzifəsidir. E.Əliyev əminliyini bildirib ki, Şura İH ilə heyəti ilə əməkdaşlıq müstəvisində çalışaraq qabaqcıl təcrübə və müasir idarəetmə çərçivəsində Cəmiyyətin fəaliyyətində səmərəliliyi artırmaq, onun idarə edilməsini müasir korporativ idarəetmə standartları nəzərə alınmaqla təkmilləşdirmək istiqamətində fəaliyyət göstərəcək.
Daha sonra Z.Hüseynov QSC-nın fəaliyyəti üzrə aktual məsələlərlə bağlı çıxış edib. O, yeni iqtisadi çağırışlar dövründə “Bakı Metropoliteni”nin Müşahidə Şurasının yaradılmasını QSC-nın gələcək uğurlarının başlanğıcı olacağına inamını ifadə edib.
İclasda eyni zamanda “Bakı Metropoliteni”nin korporativ idarəetmə sisteminin prinsipləri, Müşahidə Şurasının funksiyası və səlahiyyətləri ilə bağlı Şuranın üzvü, Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun müavini Zaur Qurbanovun təqdimatı dinlənilib, ölkə Prezidentinin fərman və sərəncamlarından irəli gələn vəzifələrin icrasının təmin edilməsi məqsədilə həyata keçiriləcək tədbirlərlə bağlı müzakirələr aparılıb.