“Bakı Metropoliteni” Azərbaycanda yenilik edib

“Bakı Metropoliteni” Azərbaycanda yenilik edib Qurumun yeni istehsalat sahəsi fəaliyyətə başlayıb
İnfrastruktur
5 Dekabr , 2016 12:39
“Bakı Metropoliteni” Azərbaycanda yenilik edib

Bakı. 5 dekabr. REPORT.AZ/ “Bakı Metropoliteni” QSC-nin strukturuna daxil olan dəmir-beton konstruksiyaları sahəsində yeni istehsalat sahəsi fəaliyyətə başlayıb. Bu, beton şpalların istehsalı sahəsidir. “Bakı Metropoliteni”nin Mətbuat Katibliyinin rəisi Nəsimi Paşayevdən "Report"a daxil olan məlumata görə, bununla da Almaniyanın “Vollert” şirkətindən Avropa standartlarına cavab verən yeni avadanlıqlar alınmaqla beton blokların yerli şəraitdə istehsalı üçün şərait yaradılıb.

"Metro yollarında istifadə ediləcək beton bloklar mövcud taxta şpallardan keyfiyyətinə və uzunömürlüyünə görə çox fərqlənir. Belə ki, ağac şpalın ömrü 18-25, ən uğurlu istismar şərtləri daxilində 30-35 ildirsə, beton bloklar 80 il xidmət göstərə bilər. Beton bloklardan istifadə qatarların hərəkəti zamanı titrəmənin və səs-küyün, fiziki təsirlərin, təkərə əks-zərbələrin qarşısının alınması, ələlxüsus bunun milli-mədəni, dünyəvi əhəmiyyəti olan tarixi-memarlıq abidələrinin qorunması (məsələn, "İçərişəhər-Sahil" mənzili boyunca) üçün əlverişlidir", - deyə N.Paşayev qeyd edib.

Mətbat katibi əlavə edib ki, beton blokların yerli şəraitdə istehsalı məhsulun alınması, ölkəyə gətirilməsi, daşınma xərcləri, yol-gömrük və s. rüsumların ödənilməsi baxımından iki dəfədən də artıq qənaətə səbəb olacaq: "Bu, yeni iş yerləri, yerli mütəxəssislərin hazırlanması, laboratoriya şəraitində yeniliklərin tətbiqi ilə elmi-praktiki potensialın inkişafı, həmçinin gələcəkdə "Made in Azerbaijan" brendinin yaradılması ilə həm də ölkə iqtisadiyyatına xidmət deməkdir. Yeni istehsal olunan beton bloklardan ilkin mərhələdə "Bənövşəyi" xəttin "Memar Əcəmi" və şərti adı "B-03" olan stansiyalararası yollarında, həmçinin "N.Nərimanov" elektrik deposunda sınaq yollarında istifadə ediləcək".

Qeyd edək ki, müəssisədə yeni elektrik yarımstansiyası inşa edilib. Yarımstansiyada müasir standartlara cavab verən yeni avadanlıqlar quraşdırılıb və onu qidalandırmaq üçün elektrik veriliş xətləri çəkilib. Eyni zamanda, 3 ədəd, hər biri 2 tonluq və 9 bar təzyiqli müasir qazanxana tikilərək istifadəyə verilib və obyektə saatda 540 kubmetr imkanlı 0,45 bar təzyiqli yeni qaz xətti çəkilib. Vaqon və yük maşınları üçün tərəzi də yenilənib. Müəssisədə silos təsərrüfatı əsaslı surətdə yenidən qurulub. Belə ki, əvvəllər mövcud sayı 5 olan silos təsərrüfatından, sadəcə, ikisi işlək vəziyyətdə idi. Ancaq QSC yarandıqdan sonra yeni aspirasiya, filtr sistemi qurulmaqla əsaslı təmir həyata keçirilib və hər 5 silos təsərrüfatı tam işlək vəziyyətə gətirilib.

Son xəbərlər

Orphus sistemi