Bu ilin yanvar-sentyabr aylarında Bakı Limanında ümumi yükaşırmanın həcmi 3,5 milyon tondan çox olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyon ton və yaxud təxminən 19 % çoxdur.
Bu barədə “Report”a “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən bildirilib.
Məlumata görə, ümumi yükaşırmanın əsas hissəsi ənənəvi olaraq tranzit yüklərin payına düşüb (3,1 milyon ton və yaxud 87,7 %).
Ən ciddi yük artımı quru yüklərin aşırılmasında qeydə alınıb. Belə ki, quru yük terminalında şırılan yüklərin həcmi 3,5 dəfə artaraq 505,8 min ton təşkil edib.
Qeyd olunan dövrdə iri həcmli nəqliyyat vasitələrinin (TIR-ların) sayı keçən ilin müvafiq dövrünə nisbətən 30,2 % artaraq 32 191 ədəd olub. Belə ki, bunlardan 19 694 ədədi (61,2 %) Bakı-Türkmənbaşı-Bakı, 12 497 ədədi isə (38,8%) Bakı-Kurık-Bakı istiqamətində hərəkət edib.
Hesabat dövründə konteynerlərin 24 % artımı qeydə alınıb. Belə ki, TEU ekvivalentində 30 210 sayda konteyner aşırılıb (2019-cu ilin 9 ayında 24 307 TEU).
Xatırladaq ki, Bakı-Aktau-Bakı istiqaməti üzrə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu çərçivəsində xüsusi konteyner daşıyan gəmilərin (feeder ships) xidmətə başlaması ilə bu ilin ilk 9 ayı ərzində 2,9 dəfə artım qeydə alınıb və 9 951 TEU təşkil edib (2019-cu ilin müvafiq dövründə 3 458 TEU).
Bakı-Türkmənbaşı-Bakı istiqamətində isə konteynerlərin aşırılmasında bu ilin ilk 9 ayı ərzində 90 % artım müşahidə edilib və 13 694 ədədə çatıb (2019-cu ilin müvafiq dövründə 7 204 TEU). Digər konteyner aşırılması bərə terminalı vasitəsi ilə həyata keçirilib.
2019-cu ildə COVID-19 pandemiyası ilə bağlı sərhədlərdə tətbiq olunan məhdudlaşmalar səbəbindən sərnişin daşınmada azalma yaranıb. Nəticədə 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə sərnişinlərin sayında 36 % azalma qeydə alınıb və 21 867 nəfər təşkil edib.