Bakı Limanı gəlirlərini açıqlayıb
- 06 mart, 2024
- 14:28
Ötən il "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı"QSC-nin gəlirləri 2022-ci ilə nisbətən 5 % artaraq 50,3 milyon manat (ƏDV xaric), xərcləri isə 40,2 milyon manat təşkil edib.
“Report” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildəki fəaliyyəti haqqında hesabatda bildirilir.
Bakı Limanı ötən il dövlət büdcəsinə 8,4 milyon manat vergi və 5,4 milyon manat sosial təyinatlı ödənişlər olmaqla ümumilikdə 13,8 milyon manat vəsait köçürüb.
Xatırladaq ki, 14 may 2018-ci il tarixində Prezident İlham Əliyevin iştirakı ilə açılışı olmuş Bakı Limanının 1-ci fazada yükaşırma potensialı 15 milyon ton, o cümlədən 100 000 TEU konteynerdir. İkinci fazanın yekunlaşdırılmasından sonra Bakı Limanından ildə 25 milyon tona qədər yük aşırılacaq, 500 min TEU konteyner keçə biləcək. Onun nizamnamə kapitalı 16 min manat təşkil edir. Liman yük, neft və bərə terminallarından ibarətdir.
Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat qovşaqlarının kəsişməsində yerləşən, yüksək texniki imkanlara malik, əməliyyatlar sahəsində nümunəvi rəqəmsal və yaşıl həllər tətbiq olunduğu limanın yükaşırma həcmi hər il artır. Eyni zamanda dünyada formalaşan yeni reallıqlar fonunda tranzit ölkə kimi Azərbaycana böyük tələb formalaşıb və bu amil də ölkənin ən böyük dəniz qapısı, logistika mərkəzi olan Bakı Limanına cəlb edilən yükün həcmi sürətlə artır.