Bu gün İtaliyanın və Aralıq dənizinin ən böyük limanlarından biri Trieste limanının baş direktoru Zeno D'Aqostino Bakı Beynəlxalq Dəniz Ticarət Limanına səfər edib.
"Report" bu barədə Bakı Limanına istinadən xəbər verir.
Məlumata görə, səfərin məqsədi iki liman arasında yeni əməkdaşlıq imkanlarını araşdırmaqdır.
Səfər zamanı qonaq Bakı Limanının əməliyyat qrupu ilə görüşüb, ərazinin əməliyyat imkanları ilə tanış olub.
Görüşdə Avropanı Asiya ilə birləşdirən strateji marşrut olan Orta Dəhliz vasitəsilə Bakı Limanından keçməklə göndəriləcək yük həcminin artırlması müzakirə olunub. Bakı və Trieste limanları arasında beynəlxalq yükdaşımalarda əhəmiyyətli paya sahib olan logistika şirkətlərinin iştirakı qarşılıqlı faydalı əməkdaşlığı genişləndirilməsi də əsas hədəflərdən biridir.
Digər müzakirə olunan mövzu Bakı Limanının genişləndirilməsi strategiyası olub. Xəzər dənizinin ən müasir limanlarından olan və Orta Dəhlizdə mühüm strateji paya sahib olan Bakı Limanı, bu dəhlizi gücləndirməyə və sürətləndirməyə kömək edə biləcək Avropa limanları ilə əməkdaşlıq etməklə öz fəaliyyətini genişləndirməyə çalışır.
"Mərkəzi və Şərqi Avropaya giriş qapısı kimi strateji məkana sahib olan Trieste Limanı illik 60 milyon tondan çox mal dövriyyəsi ilə İtaliya və Aralıq dənizinin ən böyük limanlarından biridir. Bu səfər və potensial tərəfdaşlıq, qlobal təchizat zəncirində mühüm ticarət qovşaqları kimi hər iki limanın mövqelərqini gücləndirə, iqtisadiyyat və logistika sahəsində Azərbaycanla yanaşı region ölkələrinə da fayda gətirə bilər", - deyə məlumatda qeyd olunub.