“Azvirt”in mənfəəti 3-cü ildir ki, azalır

“Azvirt”in mənfəəti 3-cü ildir ki, azalır Azərbaycanın aparıcı tikinti şirkəti - "Azvirt" MMC 2019-cu ili 602 min manat xalis mənfəət başa vurub.
İnfrastruktur
671
8 Avqust , 2020 17:00
“Azvirt”in mənfəəti 3-cü ildir ki, azalır

Azərbaycanın aparıcı tikinti şirkəti - "Azvirt" MMC 2019-cu ili 602 min manat xalis mənfəət başa vurub.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci illə müqayisədə 4,6 dəfə, 2017-ci ilə nisbətən 14,2 dəfə, 2016-cı illə müqayisədə isə 27,3 dəfə azdır. Başqa sözlə, tikinti müəssisənin mənfəəti 3-cü ildir ki, azalır.

Ötən il “Azvirt”in tikintidən gəlirləri 212 385 min manat (əvvəlki ilə nisbətən 2,5 dəfə çox), tikintisinin maya dəyəri 187 681 min manat (2,7 dəfə çox), ümumi və inzibati xərcləri 15 724 min manat (41,5% çox), ehtimal olunan kredit zərəri üzrə tutulmaları 694 min manat (32,9% az), maliyyə gəlirləri 47 min manat (7,8 dəfə çox), maliyyə xərcləri 4 348 min manat (11,1 dəfə çox), digər gəlirləri 572 min manat (2,2% az), digər xərcləri 147 min manat (69,7% az), xarici valyuta mübadiləsi üzrə zərəri 1 594 min manat (əvvəlki il gəlir olub), əmlak, tikili və avadanlıqların silinməsi üzrə zərəri 680 min manat (53,85% çox), mənfəət vergisi ödəmələri isə 1 534 min manat (73,1% çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Azvirt”in aktivləri 199 265 min manat olub ki, bu da illik müqayisədə 59,4% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 2,2 dəfə artaraq 133 465 min manata, balans kapitalı isə 1,5% artaraq 65 800 min manata çatıb.

Xatırladaq ki, "Azvirt" 1995-ci ildə “Azərbaycan Hava Yolları” (AZAL) Dövlət Konserni, Bakı Şəhər İcra Hakimiyyəti və Almaniyanın "Virtgen İnternational Gmbh" şirkətinin iştirakı ilə müvafiq olaraq mülkiyyətin 11%, 40% və 49% bölüşdürülməsi əsasında Azərbaycan-Almaniya Birgə Müəssisəsi kimi təsis edilib. 2004-cü ildə şirkət MMC kimi yenidən qeydiyyatdan keçib və özəlləşdirilib. Onun nizamnamə kapitalı 129 min manatdır. Şirkətin təsisçiləri müvafiq olaraq 30% və 20% payla Almaniyanın "Martin Beteiligungs GmbH & Co KG" və "Walz GmbH & Co KG" şirkətləri, 25% payla Azərbaycan vətəndaşı Elnur Əliyev və 25% payla Lüksemburqun “Falcom Holding”idir.

İlk öncə Bakıda yol tikintisi ilə məşğul olan "Azvirt" zaman keçdikcə yol və hava limanı infrastruktur layihələri üzrə tam xidmət göstərən beynəlxalq şirkətə çevrilib. Kommersiya qurumu Azərbaycanla yanaşı, Serbiya, Qırğızıstan, Ukrayna və Bosniyada fəaliyyət göstərir.

Orphus sistemi