“AzRusTrans” şirkəti şəxsi vaqon parkını formalaşdıracaq

“AzRusTrans” şirkəti şəxsi vaqon parkını formalaşdıracaq "AzRusTrans” gələcəkdə fəaliyyət istiqamətlərini genişləndirəcək
İnfrastruktur
19 Oktyabr , 2017 11:18
“AzRusTrans” şirkəti şəxsi vaqon parkını formalaşdıracaq

Bakı. 19 oktyabr. REPORT.AZ/ Azərbaycan Dəmir Yolları” QSC və “Rusaqrotrans” QSC tərəfindən təsis edilmiş “AzRusTrans” QSC gələcəkdə şəxsi vaqon parkını formalaşdıracaq.

“Report” xəbər verir ki, bu barədə “AzRusTrans” QSC-nın illik fəaliyyətinin nəticələri ilə bağlı məlumatda qeyd olunub.

“Şirkətin gələcək planlarına şəxsi vaqon parkının alınması daxildir. Bu biznes əlavə rentabellik və daxili bazarda idxal yüklərinin tədarükü sahəsində mövqe tutmağa imkan yaradacaq. “AzRusTrans” şirkətinin fəaliyyətinin səmərəliliyi və rentabelliyini həmçinin formalaşmış vaqon parkı da təmin edir. Hazırda şirkət vaqonları “Azərbaycan Dəmir Yolları” QSC-dən icarəyə götürür”, - deyə şirkətdən bildirilib.

Qeyd olunub ki, şirkət taxıl və taxıl məhsullarının əsas tədarükçüsü olub və meşə məhsulları tədarükü bazarında da yerini tutub. Fəaliyyətə başlamasından ötən 1 il ərzində şirkət 415 min ton taxıl və taxıl məhsulları, 1 173 vaqon meşə məhsullarının tədarükünü həyata keçirib.

Bildirilib ki, daşımalar yalnız Azərbaycanla Rusiya arasında deyil, həmçinin Gürcüstan və İran ərazisinə, oktyabrın sonunda açılması gözlənilən Bakı-Tbilisi-Qars dəmir yolu işə düşdükdən sonra isə Türkiyə istiqamətində də fəallaşacaq: “Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi Türkiyə istiqamətinə yüklərin daşınmasını təmin edəcək. Bu istiqamətdə böyük potensial var. Belə ki, hər il Rusiyadan Türkiyəyə 4 mln. ton taxl və taxıl məhsulları və əlavə 2 mln. ton taxıl istehsalı üçün xammal tədarük olunur. “AzRusTrans” şirkəti artıq bu istiqamətdə yeni lahiyələr hazırlayır”.

Hazırda Astara ərazisində taxıl terminalının tikinti lahiyəsi üzrə işlər aparılır. Lahiyə hazırlanandan sonra Azərbaycan üzərindən Rusiya-İran birbaşa xətti ilə və daha az xərclərlə taxıl tədarük etmək mümkün olacaq. Bu istiqamətin alternativ yolu Xəzər dənizinin Həştərxan və Mahaçqala limanlarıdır. Bu limanlarda hazırda ildə 1,6 mln. ton yük yüklənir və bu potensial yüklərin Azərbaycan üzərindən daşınması ölkənin tranzit potensialını daha da möhkəmləndirəcək.

“AzRusTrans” əsasən taxıl və taxıl məhsullarının tədarükünü həyata keçirməsinə baxmayaraq “Transles” QSC cəmiyyəti ilə də əməkdaşlıq edir. Şirkət meşə məhsullarının Azərbaycana, eləcə də Azərbaycan üzərindən İrana, Gürcüstana və gələcəkdə isə Türkiyə ərazisinə də tədarükünü həyata keçirəcək.

Gürcüstan istiqamətində yüklərin daşımasını həyata keçirmək üçün “AzRusTrans” şirkəti Amerikanın “Bunge Ltd.” və İsveçrənin “Glencore International AG” şirkətləri ilə əməkdaşlıq edib. Lakin “Bunge Ltd.” şirkətinin Rusiyada fəaliyyətini dayandırması ilə əlaqədar olaraq şirkət yeni potensial tərəfdaşlarla bu istiqamətdə daşımaların bərpası üçün danışıqlar aparır. Gürcüstan istiqamətində daşımalar, “Azərbaycan Dəmir Yolları” tərəfindən güzəştli tariflərin tətbiqindən sora daha da əlverişli olub.

Bildirilib ki, “AzRusTrans” gələcəkdə fəaliyyət istiqamətlərini genişləndirəcək, tərəfdaşlarının sayını artıracaq: "Hazırda şirkət “Azərbaycan Dəmir Yolları”nın operatoru qismində 10% yüklərin daşımalarını həyata keçirir, qarşıya qoyulmuş hədəflərin həyata keçirilməsi nəticəsində isə bu rəqəm daha da artırılacaq".

Qeyd edək ki, “AzRusTrans” QSC 2016-cı il oktyabrın 10-da fəaliyyətə başlayıb, şirkətin yaradılmasında məqsəd ilk növbədə ölkənin tranzit potensialının yüksəldilməsi və tranzit daşımalarının artırılması olub.

Son xəbərlər

Orphus sistemi