Bakı. 25 dekabr. REPORT.AZ/ Ötən il Bakı şəhərinin Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində təmir edilmiş Baksol küçəsi,12 ünvanında yolun asfalt-beton örtüyü sıradan çıxır.
Bu barədə Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-nin Mətbuat Katibliyindən "Report"a daxil olan məlumatda bildirilir: "Səbəb bəzi sakinlərin məsuliyyətsizliyi ucbatından yolun hərəkət hissəsinə yığılan kanalizasiya sularıdır".
Məlumata görə, bir neçə gün bundan öncə həmin ərazinin yaxınlığından keçən 1 metr diametrli iki yüksək təzyiqli kanalizasiya kollektorlarından birində qəza baş verib. Nəticədə, çirkab su axaraq yolun hərəkət hissəsinə dolur. Bu isə yolun asfalt örtüyünün sıradan çıxmasına səbəb olur.
"Problemdən aidiyyəti qurumlar məlumatlı olsalar da, qəzanın qarşısını almaqda çətinlik çəkirlər. Çünki həmin kanalizasiya kollektorlarının üzərində qanunsuz olaraq yaşayış evləri inşa edilib. Hazırda problemin aradan qaldırılması üçün çıxış yolları axtarılır", - deyə şirkətdən bildirilib.