"Azərsu"yun sədr müavini: "Abşeronda su itkisi normadan çoxdur"
- 10 mart, 2023
- 11:13
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı şəhərinin ətrafında - Sabunçu, Suraxanı və Binəqədi rayonlarında, eləcə də Abşeron rayonunda su itkisi normadan çoxdur.
"Report" xəbər verir ki, bunu "Azərsu" ASC-nin sədr müavini Etibar Məmmədov "Ölkədə su qıtlığının səbəbləri və mövcud vəziyyət" mövzusunda brifinqdə bildirib.
Onun sözlərinə görə, buna səbəb Abşeron yarımadasında su paylayıcı şəbəkələrin istismar müddətinin bitməsi, eləcə də həmin ərazilərdə tikinti normalarına uyğun gəlməyən çoxlu evlərin inşa edilməsidir: "Son nəticədə elə tikinti normalarına uyğun olmayan su xətləri çəkilir. Sudan qeyri-qanuni istifadə edən abonentlər də var ki, onlarla bağlı ciddi işlər gedir. Üstəlik Abşeron yarımadasında paylayıcı şəbəkənin 60-70 %-i istismar müddətini başa vurub. Bu istiqamətdə də müəyyən işlər aparılır. Həmçinin Bakıda və Abşeronda su qəzalarının uçotu dəqiq aparılır. Yasamal və Lökbatanda baş vermiş qəzalarda 30-40 min kubmetr su itkiyə gedib".
Bundan başqa, sədr müavini deyib ki, bu gün ölkədə içməli sudan təyinatı üzrə istifadə edilmir: "İçməli sudan texniki su kimi istifadə edilir, ağaclar suvarılır, maşınlar yuyulur. Bu istiqamətdə Su Komissiyasına təkliflər vermişik".