"Azərsu"da İctimai Şuraya seçkilər üçün seçicilərin qeydiyyatı başa çatıb

"Azərsu"da İctimai Şuraya seçkilər üçün seçicilərin qeydiyyatı başa çatıb Seçkilər 25 may 2021-ci il tarixində saat 10:00-dan 15:00-dək qurumun inzibati binasında keçiriləcək
İnfrastruktur
17 May , 2021 16:08
Azərsuda İctimai Şuraya seçkilər üçün seçicilərin qeydiyyatı başa çatıb

“Azərsu” ASC-də ictimai iştirakçılığın və nəzarətin təmin edilməsi məqsədilə yaradılan İctimai Şuraya keçiriləcək seçkilərdə iştirak üçün seçicilərin qeydiyyatı başa çatıb.

“Report” bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, İctimai Şuranın Seçki Komissiyasına vətəndaş cəmiyyəti institutlarının 64 nümayəndəsi seçici kimi iştirak etmək üçün müraciət edib. Müraciətləri İctimai Şuranın Seçki Komissiyası yoxlayılıb. Təqdim olunan sənədlər qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun olduğundan bütün müraciət edənlər seçici kimi qeydiyyata alınıb.

İctimai Şuraya seçkilər 25 may 2021-ci il tarixində saat 10:00-dan 15:00-dək “Azərsu”yun inzibati binasında (Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 67 ünvanında) keçiriləcək.

İctimai Şura “Azərsu” sədrinin 17 mart 2021-ci il tarixli əmrinə əsasən yaradılır. Qurum “Azərsu”yun fəaliyyətində ictimai iştirakçılığın və nəzarətin təmin edilməsi məqsədilə təkliflər vermək və qanunvericiliklə müəyyən edilmiş digər hüquqlara malik olan məşvərətçi qurum kimi fəaliyyət göstərəcək.

“İctimai iştirakçılıq haqqında” qanuna və Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq, İctimai Şura üzvlərinin say həddi 11 nəfər müəyyən edilib. İctimai Şuraya üzvlüklə bağlı seçkilərdə 16 nəfərin namizədliyi qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi