"Azəristiliktəchizat": "Su itkisi yarana biləcək xətlər yeniləri ilə əvəz edilib"

İnfrastruktur
  • 08 noyabr, 2022
  • 06:26
Azəristiliktəchizat: Su itkisi yarana biləcək xətlər yeniləri ilə əvəz edilib

"Azəristiliktəchizat" ASC yeni istilik mövsümündə su itkisi yarana biləcək istilik xətlərinin yeniləri ilə əvəz edilməsi işlərini yekunlaşdırıb.

Bu barədə "Report"a qurumdan bildirilib.

Məlumata görə, səhmdar cəmiyyətinə məxsus qazanxanalardakı nasoslar, elektrik mühərrikləri təmir olunub, qazanlar və istilik mübadilə aparatları mexaniki, habelə kimyəvi üsulla təmizlənib. Magistral və məhəllədaxili istilik xətləri təzyiqlə yoxlanılaraq sınaqdan keçirilib.

"Azəristiliktəchizat" xidmət zonası hüdudlarında istilik mövsümünün başlanması və başa çatması tarixlərini bu sahədə mövcud olan Tikinti Norma və Qaydalar əsas götürülməklə, xarici havanın temperaturundan asılı olaraq müvafiq yerli icra hakimiyyəti orqanını məlumatlandırmaqla respublikanın dağlıq rayonlarında 1 noyabr - 1 may, digər ərazilərdə isə 15 noyabr - 15 aprel tarixinə kimi nəzərdə tutulur. 2022-2023-cü illər istilik mövsümündə ümumilikdə 564 qazanxana, 88 istilik məntəqəsi və 2 yüksək nasos stansiyası istismar edilməklə istehlakçıların istiliklə təmin edilməsi planlaşdırılıb.