“Azəristiliktəchizat” ASC xidmət zonasına daxil olan yaşayış binaları, təhsil və səhiyyə obyektlərinin istilik sistemlərinin monitorinqi aparıb, 214 yaşayış binası, 37 təhsil və 8 səhiyyə obyektinin istilik sistemlərində problemlərin olduğu müəyyən edib.
“Report” bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Məlumata görə, bununla bağlı aidiyyatı qurumlara müvafiq məlumat verilib.
“Təəssüf ki, 191 yaşayış binası, 19 təhsil müəssisəsi və 4 səhiyyə obyektində mülkiyyətçilərin zəruri tədbirlər görməsi başa çatdırılmayıb. "Azəristiliktəchizat"ın məsul şəxsləri Bakı şəhər Təhsil İdarəsinin rəhbərliyi ilə məktəblərin istilik təminatı ilə bağlı sıx təmasdadır və qarşılıqlı işgüzar şəraitdə problemlərin aradan qaldırılması istiqamətində fəaliyyət davam etdirilməkdədir. Ümumilikdə ölkə üzrə məktəblərin 92 %-nin istilik təchizatı təhsil müəssisələrinin özlərinə məxsus istilik mənbələri və ya vasitələri hesabına, yalnız 8 %-i "Azəristiliktəchizat"a məxsus qazanxanalar vasitəsilə həyata keçirilir”, - məlumatda qeyd olunub.