Azərbaycanla Ukrayna arasında nəqliyyat layihələri müzakirə olunub - FOTO

Azərbaycanla Ukrayna arasında nəqliyyat layihələri müzakirə olunub - FOTO Sentyabrın 5-6-da Ukraynanın Avropaya inteqrasiya üzrə infrastruktur nazirinin müavini Viktor Dovhan Azərbaycanda səfərdə olub.
İnfrastruktur
7 Sentyabr , 2019 16:32
Azərbaycanla Ukrayna arasında nəqliyyat layihələri müzakirə olunub - FOTO

Sentyabrın 5-6-da Ukraynanın Avropaya inteqrasiya üzrə infrastruktur nazirinin müavini Viktor Dovhan Azərbaycanda səfərdə olub.

“Report” Ukraynanın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, ukraynalı rəsmi səfər çərçivəsində Azərbaycanın rabitə, nəqliyyat və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə ilə görüşüb. 

Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevskinin də iştirak etdiyi görüşdə iki ölkə arasında nəqliyyat sahəsindəki ikitərəfli əməkdaşlıq, o cümlədən TRACECA (Avropa-Qafqaz-Asiya) nəqliyyat dəhlizi çərçivəsində iki ölkənin tranzit potensialından dolğun istifadə ilə bağlı birgə addımlar, habelə əlavə yüklərin cəlb olunması və sözügedən dəhlizin rəqabət qabiliyyətinin daha da artırılması məsələləri müzakirə olunub.

Ukrayna tərəfi iki ölkə arasında müntəzəm təyyarə uçuşlarının artırılmasında maraqlı olduqlarını qeyd edib.

Ukraynalı qonaq həmçinin iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədovla da görüşüb. Görüş zamanı iqtisadi, o cümlədən nəqliyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, TRACECA beynəlxalq dəhlizindən sərnişin və yük daşımalarının daha da sadələşdirilməsi məsələləri müzakirə olunub.

Azərbaycanın TRACECA Hökumətlərarası Komissiyasındakı milli katibi Akif Mustafayevin ukraynalı nazir müavini ilə görüşü zamanı da TRACECA formatında müştərək layihələrin həyata keçirilməsi müzakirə olunub, həmin nəqliyyat dəhlizinin daha da səmərəli hala gətirilməsilə bağlı fikir mübadiləsi aparılıb.

Həmçinin V.Dovhan TRACECA Hökumətlərarası Komissiyasının daimi katibliyinin baş katibi Mirça Çiopraqu ilə də görüşüb. Görüş zamanı çoxtərəfli əməkdaşlığın daha səmərəli hala gətirilməsi səpkisində komissiyanın fəaliyyətinin təşkili məsələləri müzakirə olunub.

Orphus sistemi