Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX), Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) və Türkiyənin Beynəlxalq Nəqliyyatçılar Birliyinin (UND) gələcək əməkdaşlığa dair birgə onlayn konfransı baş tutub.
Bu barədə "Report" DANX-a istinadən xəbər verir.
Konfransı giriş sözü ilə açan DANX-ın rəisi Həbib Həsənov Azərbaycan və Türkiyə arasında beynəlxalq avtomobil daşımaları istiqamətində həyata keçirilən islahatlar və tədbirlər barədə iştirakçılara məlumat verib və gələcək əməkdaşlığın perspektivlərindən bəhs edib.
ABADA-nın baş katibinin müavini Kənan Qurbanov iki ölkə arasındakı daşımalara dair son statistik göstəriciləri tədbir iştirakçılarına təqdim edib. Həmin göstəricilərin ötən illərlə müqayisəli təhlili aparılıb.
UND-un İdarə heyətinin sədri Çətin Nuhoğlu beynəlxalq daşımalarda iştirak edən sürücülərin təcrübə mübadiləsinin əhəmiyyətindən bəhs edib. Proqram çərçivəsində mütəmadi görüşlərin keçirilməsi və müzakirələrin aparılmasının təşkili və tənzimlənməsi məqsədilə birgə işçi qrupunun yaradılmasına qərar verilib.
Tədbirin yekununda iki ölkə arasında daşımalara dair gələcəkdə əməkdaşlığın daha da genişləndirilməsi üçün ABADA və UND arasında təhsil sahəsində təcrübə mübadiləsinə dair razılaşma əldə edilib.