İranda yeni ilin başladığı ötən il martın 21-dən bu il fevralın 21-nə qədərki 11 ay ərzində bu ölkə ilə Azərbaycan arasında 645 min ton yük daşınıb.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bunu İranın Şimal Dəmir Yolu İdarəsinin baş direktoru Qulam-Hüseyn Vəladi bildirib.
Onun sözlərinə görə, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə təxminən 28 % çoxdur.
Q.Vəladi qeyd edib ki, 11 aylıq yükdaşımaların 373 min tonu və yaxud təxminən 58 %-i dəmir yolu vasitəsilə həyata keçirilib.
“11 ayda dəmir yolu ilə (Astara) Azərbaycandan İrana 206 min tondan çox yük daşınıb ki, bu da 58 % artım deməkdir. İrandan Azərbaycana isə 167 min tondan çox yük, əsasən sitrus meyvələri, müxtəlif növ digər meyvələr, sement, kimya sənayesi məhsulları, kafel və ərzaq məhsulları nəql edilib", - deyə baş direktor əlavə edib.