Azərbaycanın tranzit imkanları Pekində təqdim olunub

Azərbaycanın tranzit imkanları Pekində təqdim olunub Çinin paytaxtında "Trans-Xəzər-Şərq-Qərb ticarət və tranzit dəhlizi" forumu keçirilib
İnfrastruktur
28 Fevral , 2017 20:18
Azərbaycanın tranzit imkanları Pekində təqdim olunub

Bakı. 28 fevral. REPORT.AZ/ Bu gün Çinin paytaxtı Pekin şəhərində Azərbaycan Yükdaşımalar üzrə Koordinasiya Şurasının təşəbbüsü və təşkilatçılığı ilə “Trans-Xəzər - Şərq-Qərb ticarət və tranzit dəhlizi” forumu keçirilib.

İqtisadiyyat Nazirliyindən "Report"a bildirilib ki, tədbirdə Azərbaycanın Çindəki səfirliyi, Çinin Kommersiya və Nəqliyyat nazirlikləri, dəmir yolu administrasiyası və digər aidiyyəti dövlət qurumları, beynəlxalq yükdaşımaları ilə məşğul olan şirkətlərin 100-ə yaxın nümayəndəsi iştirak ediblər.

Çin Kommersiya Nazirliyinin departament direktoru Luo Veydun ölkəsinin İpək Yolu üzərində yerləşən dövlətlər, o cümlədən Azərbaycanla əməkdaşlığa xüsusi önəm verdiyini, bu çərçivədə nəqliyyat-logistika əlaqələrinin genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Tədbirdə Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan beynəlxalq və regional enerji və nəqliyyat layihələrinin əhəmiyyətindən danışılıb. Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutu, onun əlverişli imkanları barədə məlumat verilib.

Bununla belə, forumda Gürcüstan və Qazaxıstanın Çindəki səfirliklərinin nümayəndələrinin nəqliyyat-logistika sahəsində əməkdaşlığın genişləndirilməsinə dair məruzələri dinlənilib.

Tədbirdə Koordinasiya Şurasının katibi Elçin Əhmədov Azərbaycanın nəqliyyat-tranzit potensialı, logistika imkanları, yükdaşımalar sahəsində yaradılan əlverişli imkanlar barədə məlumat verib. O qeyd edib ki, ölkənin tranzit potensialının artırılması istiqamətində bir sıra irimiqyaslı layihələr həyata keçirilir: "Bu sahəyə irihəcmli investisiyalar yönəldilir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının, Bakı Gəmiqayırma Zavodunun fəaliyyətə başlaması, Bakı-Böyük Kəsik dəmir yolunun yenidən qurulması və Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inşası layihələri, eləcə də beynəlxalq hava limanlarının tikintisi Azərbaycanın nəqliyyat infrastrukturunun güclənməsində əhəmiyyətli rol oynayır. Eyni zamanda ölkəmizin tranzit potensialını da genişləndirir. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi böyük siyasi və iqtisadi əhəmiyyətə malik olmaqla, yük və sərnişin daşımalarının həcminin dəfələrlə artmasına imkan yaradacaq".

“Azərbaycan Dəmir Yolları” QSC-nin, Dövlət Gömrük Komitəsinin, SOCAR-ın, "Sumqayıt Kimya Sənaye Parkı" MMC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin nümayəndələri Azərbaycanın tranzit, nəqliyyat-logistika imkanlarına dair müxtəlif mövzularda təqdimatlarla çıxış ediblər.

Forumda Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutuna dair film nümayiş olunub.

Son xəbərlər

Orphus sistemi