Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti 2020-ci ildə rekord həcmdə gəlir əldə edib.
“Report” xəbər verir ki, bu barədə şirkətin 2020-ci il üçün açıqladığı maliyyə hesabatında qeyd edilib.
Hesabata əsasən, Böyük Britaniya şirkəti ötən il 102,1 milyon ABŞ dolları məbləğində gəlir əldə edib. Bu, 2019-cu ilin göstəriciləri ilə müqayisədə 11% çoxdur.
2020-ci il ərzində şirkətin vergiyəqədərki mənfəəti 35,7 milyon ABŞ dolları təşkil edib ki, bu da 2019-cu ilin analoji dövrünün göstəriciləri ilə müqayisədə 19% çoxdur.
2020-ci il ərzində şirkətin əməliyyat pul axını 52,8 milyon ABŞ dolları təşkil edib ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 4,6% çoxdur.
"Anglo-Asian Mining Plc." şirkətinin pul vəsaitləri 38,8 milyon ABŞ dolları təşkil edib. Bu, 2019-cu ilin göstəriciləri ilə müqayisədə 83 % çoxdur.
Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51%, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49% təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb. “Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan "Uğur" yatağında da hasilatla məşğuldur.