Mayın 23-24-də Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) direktor müavini Kamran Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) Şurasının 25-ci iclasında iştirak edib.
"Report" bu barədə Agentliyə istinadən xəbər verir.
Məlumata görə, K.Hüseynov "COP28-ə gedən yol: Bərpa olunan enerji mənbələrinə əsaslanan enerji keçidi və kritik materiallar", “Geotermal enerji bazarı və texnologiyalarının qlobal vəziyyəti”, “Bərpa olunan enerji layihələrinin maliyyələşdirilməsi” kimi mövzularda təşkil olunmuş yüksək səviyyəli panel müzakirələrində iştirak edib.
O, çıxışında Azərbaycanın enerji keçidi və bərpa olunan enerji sahəsində həyata keçirilən layihələr, ölkəmizin geotermal enerji potensialı və perspektivləri, dünya miqyasında makroiqtisadi səviyyədə bərpa olunan enerji layihələrinin maliyyələşdirilməsi ilə bağlı çətinliklər və dəstəkləyici mexanizmlər barədə məlumat verib. "Geotermal Alyansı" ilə bağlı əməkdaşlıq, yaşıl hidrogen sahəsində təcrübənin bölüşdürülməsi, Azərbaycanda həyata keçirilən yaşıl enerji layihələrində IRENA-nın mövcud platformalarının və dəstəkləyici mexanizmlərinin tətbiqi ilə bağlı ikitərəfli görüşlər keçirilib. AREA və IRENA arasında gələcək əməkdaşlığın genişləndirilməsi ilə bağlı bir sıra görüşlər baş tutub.
AREA-nın direktor müavini həmçinin “Proqram və strateji”, “İnzibati və maliyyə” komitələrinin görüşlərində iştirak edib.
113 ölkənin və Avropa İttifaqının nümayəndələrinin iştirak etdiyi tədbirdə Azərbaycan növbəti iki il ərzində “İnzibati və maliyyə” komitəsinin üzvü seçilib.
IRENA Assambleyasının 13-cü Sessiyasında qəbul edilmiş qərara əsasən, Azərbaycan 2023-2024-cü illər üzrə IRENA Şurasının üzvüdür.