Əgər ötən il Azərbaycanın 12 min 724 yük nəqliyyat vasitəsi beynəlxalq daşımalarda istismar olunurdusa, bu il bu rəqəm 13 min 600-ü keçib.
Bunu "Report"a açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Yükdaşımalar departamentinin rəhbəri Sübhan Əbilov bildirib.
Bundan başqa, onun sözlərinə görə, 2021-ci ildə Azərbaycan daşıyıcılarının ikitərəfli yükdaşımalar bazarında payı 39 % olubsa (61 %-i xarici daşıyıcıların payına düşüb), 2023-cü ildə bu göstərici 51,85 % təşkil edib.
"Konkret ölkələrlə bazar paylarına nəzərə salsaq əsaslı şəkildə müsbət dəyişikliyin baş verməsinin əyani şahidi olarıq. Belə ki, 2021-ci ildə ikitərfli beynəlxalq yük daşımaları bazarında Türkiyənin payı 81 %, Azərbaycanın payı 19 % idisə, hazırda Azərbaycanın bazar payı yüksəlib. Eyni zamanda 2021-ci ildə ikitərəfli yük daşımaları bazarında Gürcüstanın payı 63 %, Azərbaycanın payı 37 % idisə, hazırda Azərbaycanın bazar payı yüksəlib və 55,9 % təşkil edir. Bazar paylarındakı müsbət dinamikaya beynəlxalq yük daşımalarına cəlb edilən nəqliyyat vasitələrinin və şirkətlərin sayının ildən-ilə artması da təsir göstərib", - deyə AYNA rəsmisi qeyd edib.