Azərbaycanda yol hərəkəti təhlükəsizliyinin gücləndirilməsinə dair tvinninq layihəsinə start verilib

Azərbaycanda yol hərəkəti təhlükəsizliyinin gücləndirilməsinə dair tvinninq layihəsinə start verilib Bu gün Azərbaycanda Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən "Azərbaycanda yol hərəkəti təhlükəsizliyinin gücləndirilməsi" tvinninq layihəsinin açılış mərasimi keçirilib.
İnfrastruktur
3 Mart , 2023 10:40
Azərbaycanda yol hərəkəti təhlükəsizliyinin gücləndirilməsinə dair tvinninq layihəsinə start verilib

Bu gün Azərbaycanda Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən "Azərbaycanda yol hərəkəti təhlükəsizliyinin gücləndirilməsi" tvinninq layihəsinin açılış mərasimi keçirilib.

"Report" xəbər verir ki, tədbirdə iştirak edən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Beynəlxalq Əməkdaşlıq Şöbəsinin müdiri Şahin İsmayılov bildirib ki, layihə çərçivəsində yol hərəkəti təhlükəsizliyi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi nəzərdə tutulur.

"Gələn ilin oktyabr ayına qədər davam edəcək layihənin əsas məqsədi yol hərəkəti təhlükəsizliyinin artırılması və bu istiqamətdə müvafiq tədbirlərin görülməsi, ölüm və digər ağır fəsadlarla nəticələnən yol qəzalarının qarşısının alınması, bu istiqamətdə qanunvericiliyin təkmilləşdirilməsi, institusional tədbirlərin görülməsi, yol hərəkəti təhlükəsizliyinin artırılması üçün kadr potensialının artırılması, təbliğat və təşviqat işlərinin görülməsidir. Layihə çərçivəsində Polşa və Litvadan 58 ekspertin ölkəyə dəvət edilməsi nəzərdə tutulur. Qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı tədbirlər planının hazırlanması, bu istiqamətdə təkliflərin hazırlanması, həmçinin kommunikasiya planının hazırlanması nəzərdə tutulur. Təbliğat və təşviqat işləri ilə bağlı yol xəritəsinin hazırlanması da planlaşdırılır. İki il müddətində bu sənədləri xarici ekspertlər yerli ekspertlərlə birgə hazırlayacaq. Bir sözlə, layihə 3 komponent üzrə həyata keçirilir - qanunvericiliyin təkmilləşdirilməsi, effektiv yol təhlükəsizliyi idarəetmə sisteminin yaradılması və kadr potensialının artırılması. Hər bir komponent üzrə müvafiq sənəd hazırlanacaq. Layihənin büdcəsi 1 milyon avrodur", - deyə o qeyd edib.

Tədbirdə çıxış edən Polşanın infrastruktur nazirinin müavini Andrzej Bittel isə bildirib ki, ölkəsi yol hərəkətinin təhlükəsizliyi ilə yanaşı, beynəlxalq nəqliyyat dəhlizləri istiqamətində Azərbaycanla əməkdaşlığa ciddi önəm verir. "Nəqliyyatın işinin təmin edilməsi, gündəlik həyatda ən vacib məsələlərdən və ən böyük ehtiyaclardan biridir. İnsanların həyat səviyyəsinin yüksəldilməsinə çalışırıq. Nəqliyyatdakı bütün problemlərə baxmayaraq qəzaların qarşısının alınması çox mühümdür. Bugünkü konfrans layihənin rəmzi başlanğıcıdır, layihə hazırda icra mərhələsindədir. Biz artıq əsas benefisiarımız Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, digər əsas maraqlı tərəflər və Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi ilə yaxşı əməkdaşlıq münasibətimizi qürurla qeyd edə bilərik. Yol hərəkətinin təhlükəsizliyi Polşanın İnfrastruktur Nazirliyi üçün də ən yüksək prioritetdir və bu istiqamətdə davamlı monitorinq, qiymətləndirmə və təkmilləşdirmə işləri aparılır”.

“Bugünkü toplantıda vurğulamaq istəyərdim ki, Aİ Nəqliyyat Layihələri Mərkəzi (CEUTP) və layihənin bütün tərəfdaşları yol təhlükəsizliyinin hüquqi aspektləri, texnologiya, tətbiqetmə və sonuncu, lakin ən önəmli olan təhsil sahələrində ən yaxşı təcrübə və töhfə verməyə qərarlıdırlar. Hər birimiz razılaşa bilərik ki, yol təhlükəsizliyi uşaq bağçası və ibtidai məktəb səviyyəsində düzgün istifadəçi təhsilindən başlayır”, – CEUTP-nin direktoru Yoanna Lex əlavə edib.

Xatırladaq ki, layihənin əsas benefisiarı Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyidir. 

Son xəbərlər

Orphus sistemi