Azərbaycanda sərnişin qatarlarının bəzən gecikməsinin səbəbləri açıqlanıb

İnfrastruktur
  • 24 avqust, 2023
  • 12:00
Azərbaycanda sərnişin qatarlarının bəzən gecikməsinin səbəbləri açıqlanıb

Azərbaycanda dəmir yolu infrastrukturuna vurulan ziyanın nəticələri aradan qaldırılana qədər qatarlar yolda qalmalı olur.

Bunu “Report”a müsahibəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin Hərəkətin təhlükəsizliyi departamentinin müdiri Pənah Kərimov sərnişin qatarlarının bəzən gecikməsinin səbəblərinə aydınlıq gətirərkən bildirib.

Onun fikrincə, bir çox hallarda dəmir yolu təsərrüfatına məqsədli şəkildə ziyan vurulur: "İnsanlar dəmir yolu infrastrukturuna şüurlu şəkildə ziyan vurur, hərəkətdə olan qatarlara daş, içki şüşələri, müxtəlif bərk tullantılar atırlar. Təkcə bu il hərəkətdə olan “Stadler” elektrik qatarlarını yeniyetmələr 11 dəfə daşa tutub, qatarların ön və yan şüşələrinə ciddi ziyan dəyib. Eyni zamanda sərnişinlərin həyatına təhlükələr yaranıb. Bu, həm də infrastruktura vurulan maddi zərərdir. Bunun sadəcə bir adı var - vandalizm. Gözoxşayan, müasir və sürətlə hərəkət edərək sərnişinləri və ölkəmiz adına beynəlxalq yükləri müxtəlif ünvanlara çatdıran qatarlara qarşı edilən bu kimi hərəkətləri ancaq bu cür adlandırmaq olar. Sosial dəyərə hörmət, dövlət əmlakını qorumaq ailədən qaynaqlanan məsələdir. Valideynlər övladlarına "hamımızın əmlakı’", "ölkəmizin resursları" kimi ifadələri lap erkən yaşlardan aşılamalıdırlar. Təbii ki, bu vandalizm aktlarını törədənlər məsuliyyətdən kənarda qalmır. Bizim və Daxili İşlər Nazirliyinin Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin birgə səyləri nəticəsində həmin şəxslər məsuliyyətə cəlb olunurlar".

"Eyni zamanda qatar yollarının üzərində kənar əşya və daş qoyulmasına görə problemlər yaşanır. Qatarlara və relslərə ziyan vurmaqla yanaşı, bu kimi hallar həm də dəmir yolları ilə daşınan təhlükəli yüklərin dağılmasına, ətraf mühitin çirklənməsinə səbəb olur və sərnişinlərin həyatına ciddi təhlükə yaradır. Bundan başqa, xüsusilə yük və sərnişin qatarlarının hərəkət etdiyi baş yollarda yolun üst quruluşu elementləri, rels yanlığı, rels altlığı, müxtəlif təyinatlı elektrik naqilləri, drossel transformatorları, işarəvermə qurğuları və s. kənar şəxslər tərəfindən oğurlanır. Bəzi jurnalistlərin “Qatarlar niyə gecikir?” sualına cavabını məhz infrastruktura vurulan ziyanda axtarmaq lazımdır. Sadaladığım bu kimi hallar elektrik cərəyanının kəsilməsinə, işıqforun normal fəaliyyət göstərməməsinə, yolun bütövlüyünün pozulmasına və s. gətirib çıxarır. Təbii ki, nəticələr aradan qaldırılana qədər qatar yolda qalmalı olur – sizin təbirinizcə desək, “qatar gecikir”, - deyə əlavə qeyd edib.

P.Kərimovla müsahibəni tam şəkildə buradan oxuya bilərsiniz.