Abşeron rayonunun bütün "sovxoz"ları artıq yaşayış massivlərinə çevrilib.
"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin şöbə müdiri İlqar Həbiyev bu gün keçirilən Milli Məclisin Aqrar siyasət komitəsinin iclası zamanı Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin (birinci oxunuşda) müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, bu kütləvi massivlər "özbaşına tikililər" adı altında konsepsiyada əksini taparaq təsdiq ediləcək: "Növbəti mərhələdə özbaşına tikilən yaşayış massivlərinin formalaşdırılması ilə bağlı kütləvi kateqoriya dəyişikləri, icazələr və sənədləşdirmə məsələrinə münasibət bildiriləcək".
İ.Həbiyev bildirib ki, burada həm məskunlaşma məsələləri, həm də şəhərsalma elementləri və infrastruktur gözlənilməlidir: "Biz müasir dövlətik. Bunun üçün də bu məsələlər hökumətin həyata keçirdiyi şəhərsalma qanunvericiliyi və şəhərsalma örnəkləri ilə tənzimlənəcək".