İstehlakçılara verilən içməli suyun keyfiyyətinin, həmçinin kənarlaşdırılan tullantı sularının tərkibinin ekoloji standartlar çərçivəsində saxlanılması məqsədilə “Azərsu” ASC-nin mərkəzi, yerli və regional laboratoriyaları Bakıda və regionlarda nəzarət tədbirləri həyata keçirir.
"Report" xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, içməli suyun keyfiyyətinə mənbələrdən başlayaraq istifadəçiyə verilənə qədər müxtəlif mərhələlərdə nəzarət olunur. Bu məqsədlə müxtəlif nöqtələrdən – su mənbələrindən, sutəmizləyici qurğulardan, mərkəzi və məhəllədaxili anbarlardan, şəbəkələrdən, təhsil, səhiyyə, ictimai iaşə müəssisələrindən və digər obyektlərdən su nümunələri götürülərək analiz edilir. Eyni zamanda tullantı sularının fiziki-kimyəvi və bakterioloji göstəricilərinin normaları nəzarətdə saxlanılır. Hazırda “Azərsu”yun Mərkəzi Laboratoriyasında içməli suyun 52, tullantı suların 59 olmaqla, ümumilikdə 111 parametri üzrə analizlər aparmaq mümkündür.
2020-ci ildə mərkəzi, yerli və regional laboratoriyalar ümumilikdə 73 743 içməli və tullantı su nümunəsi üzrə 409 800 analiz aparıb. Hesabat dövründə içməli su üzrə müxtəlif nöqtələrdən 66 500 su nümunəsi götürülüb. Həmin nümunələr üzrə 372 min analiz aparılıb. Eyni zamanda müxtəlif nöqtələdən götürülmüş 7 237 tullantı su nümunəsinin tərkibinin öyrənilməsi məqsədilə 37 800 analiz edilib.
Mərkəzi Laboratoriyanın təcrübəsindən istifadə etməklə 2018-ci ildə regional laboratoriyaların yaradılmasına başlanılıb və hazırda 9 regional laboratoriya fəaliyyət göstərir. Ötən il regional laboratoriyalar tərəfindən 17 369 su nümunəsi götürülüb və bu nümunələr əsasında 130 min analiz aparılıb. Regional laboratoriyalar Azərbaycanın ən ucqar ərazisində yerləşən mənbələrdəki suyun keyfiyyət göstəricilərini də nəzarətdə saxlamaq imkanı yaradır.