Azərbaycanda irimiqyaslı çöl torpaq tədqiqatı işlərinə başlanılacaq

Azərbaycanda irimiqyaslı çöl torpaq tədqiqatı işlərinə başlanılacaq Məqsəd torpaqların müasir vəziyyətinin müəyyən edilməsidir
İnfrastruktur
18 Mart , 2021 17:21
Azərbaycanda irimiqyaslı çöl torpaq tədqiqatı işlərinə başlanılacaq

İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti növbəti aylardan etibarən Azərbaycanın regionlarında irimiqyaslı çöl torpaq tədqiqatı işlərinə başlayacaq.

Bu barədə "Report"a qurumdan bildirilib.

Məlumata görə, məqsəd torpaqların müasir vəziyyətinin müəyyən edilməsi, bələdiyyə, xüsusi mülkiyyətə verilən və dövlət mülkiyyətində saxlanılan torpaqlardan səmərəli istifadə edilməsi, münbitliyinin öyrənilməsi və artırılmasıdır. Bundan başqa, torpaqların şorlaşma, şorakətləşmə və eroziyaya uğrama dərəcələrinin müəyyən edilməsi, onlara qarşı mübarizə tədbirlərinin aparılması, torpaqların dövlət qeydiyyatı (kadastrı), iqtisadi qiymətləndirilməsi də əsas vəzifələrdəndir.

Torpaq tədqiqatı işləri hazırlıq, çöl torpaq tədqiqatı, kameral olmaqla 3 mərhələdə olacaq. İrimiqyaslı çöl torpaq tədqiqatının aparılması üzrə hazırlıq mərhələsində əvvəlcədən tədqiqat obyektinin yerləşdiyi bölgənin adı, torpaqların mülkiyyət formaları, tədqiqat aparılacaq ərazinin sahəsi, coğrafi mövqeyi və digər məlumatlar toplanır. Çöl torpaq tədqiqatı zamanı naturada yayılan torpaqları bütün kompleksliyi ilə özündə əks etdirən torpaq xəritələri tərtib edilir, mülkiyyətçilərin torpaqdan səmərəli istifadə etməsi üçün onların xassələrinin təyin olunmasına imkan verən məlumatlar əldə olunur. Son mərhələdə çöl tədqiqatı məlumatları, laboratoriya analitik rəqəmləri əsasında (torpaq qatının qalınlığı, mexaniki tərkibi, humusu, karbonatlığı, şorlaşma və şorakətləşməsi) torpaqların tipoloji adları dəqiqləşdirilir və torpaq xəritəsində əksini tapır.

Yerinə yetirilən işlərin nəticələri Torpaqların Elektron Kadastr və Uçotu İnformasiya Sistemində yerləşdiriləcək.

Son xəbərlər

Orphus sistemi