Azərbaycanda 8 mindən çox sürücü təlimlərə cəlb ediləcək

Azərbaycanda 8 mindən çox sürücü təlimlərə cəlb ediləcək Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) 8 mindən çox sürücünü təlimlərə cəlb edəcək.
İnfrastruktur
25 Noyabr , 2022 15:44
Azərbaycanda 8 mindən çox sürücü təlimlərə cəlb ediləcək

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) 8 mindən çox sürücünü təlimlərə cəlb edəcək.

Bu barədə “Report”a qurumdan məlumat verilib.

Məlumata görə, təlimlər Bakı, Gəncə, Masallı, Lənkəran və Astarada təşkil olunacaq. Sürücülərə avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarının təşkilinin özünəməxsusluğu, bu sahədə mövcud olan hüquq normaları, işgüzar adətlər, beynəlxalq daşımalarda istifadə olunan nəqliyyat vasitələrinin istismarına dair tələblər və onların istismar xüsusiyyətləri, habelə ilk tibbi yardımın göstərilməsi haqqında məlumat veriləcək. Məşğələlərdə avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar yerinə yetirən sürücülərə yüklərin qəbulu, rəsmiləşdirilməsi, daşınması və təhvil verilməsi qaydaları, müxtəlif yüklərin daşınmasının şərt və xüsusiyyətləri, habelə avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarını tənzimləyən normativ hüquqi aktlar aşılanacaq.

Təlimlər Nazirlər Kabinetinin təsdiqlədiyi tədris proqramı əsasında yüksək ixtisaslı, təcrübəli müəllim heyəti və təlim ustaları cəlb olunmaqla aparılır. İmtahanlar elektron qaydada təşkil edilir.

Sürücülərin peşəkarlıq səriştəsinə dair hazırlığa başlamayan daşıyıcılar gələn il aprelin 8-dən beynəlxalq yükdaşımalarında iştirak edə bilməyəcəklər. Təlimlərdə iştirak etmək istəyən sürücülər AYNA-nın “1181” Çağrı Mərkəzinə müraciət edə bilərlər.

“Azərbaycan avtodaşıyıcılarının beynəlxalq daşımalara buraxılması Qaydaları”nın tətbiq edilməsində məqsədlərdən biri də avtomobil nəqliyyatı sahəsində qabaqcıl tənzimləmə mexanizmi hesab olunan Beynəlxalq Nəqliyyat Forumunun Keyfiyyət Xartiyasının tələblərinin Azərbaycanda tətbiq edilməsidir. Keyfiyyət Xartiyasında təsis edilmə, işgüzar nüfuz, maliyyə dayanıqlığı və peşəkarlıq səriştəsi ilə bağlı müvafiq tələblər müəyyən edilir və daşımalara bu tələblərə cavab verən subyektlər buraxılır. Bu da öz növbəsində avtomobil nəqliyyatının işinin səmərəli təşkilinə, sahənin dayanıqlı inkişafına və investisiya cəlbediciliyinin artmasına müsbət töhfə verir.

Son xəbərlər

Orphus sistemi