Azərbaycanda 20 suvarma kanalı beton üzlüyə alınacaq
- 03 iyun, 2022
- 10:23
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın 20 suvarma kanalında su itkisinin qarşısının alınması məqsədi ilə onlar beton üzlüyə alınacaq.
Bu barədə "Report"a “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Zakir Quliyev məlumat verib.
O, bu barədə Şabran rayonunda 5 iyun - su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı münasibətilə keçirilən mediaturda danışıb.
"Azərbaycandakı suvarma kanallarının ümumi uzunluğu 52 min kilometrdir. Bunun da 72-73%-i torpaq kanallardır. Onların çoxunun 100 illik tarixi var. Təəssüf ki, belə kanallarda 35-40% həcmində itki baş verir. Amma əkin sahələrində itki kanallarla müqayisədə daha çox olur. Çünki kəndli-fermer təsərrüfatında hamarlamalar olmaması nəticəsində 1 hektar əraziyə 2-3 dəfə artıq su verilir. Bu da həm su, həm də vaxt itkisi deməkdir. Bildiyiniz kimi, baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə Su Komissiyası fəaliyyət göstərir. Komissiyada belə məqamlara ciddi baxılır. 20 adda kanalın beton üzlüyə alınması ilə bağlı faktiki qərar var. Artıq layihə-smeta işləri həyata keçirilir”, - deyə Z.Quliyev qeyd edib.