“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Müşahidə Şurasının (MŞ) növbəti iclası keçirilib.
Bu barədə "Report"a Azərbaycan İnvestisiya Holdinqindən bildirilib.
Məlumata görə, iclasda MŞ-nın, səhmdar cəmiyyətinin İdarə Heyətinin və rəhbər şəxsləri iştirak edib, beynəlxalq nüfuzlu məsləhətçi şirkətin dəstəyi ilə hazırlanmış Cəmiyyətin 2022–2030-cu illər üzrə uzunmüddətli Strategiyası üzrə mümkün ssenarilər, Cəmiyyətdə reallaşması mümkün olan risklərin nəticələrinin azaldılması üçün hüquqi-korporativ strukturun təkmilləşdirilməsi müzakirə edilib.
İclasda sosial, ekoloji və iqtisadi aspektlər üzrə Cəmiyyətin əldə etdiyi nəticələri əks etdirən və beynəlxalq audit şirkətinin hazırladığı 2020-2021-ci illər üzrə Dayanıqlı İnkişaf haqqında Hesabatı MŞ təsdiq edib.
İclas zamanı həmçinin Cəmiyyətin 2023-cü il üzrə proqnozlaşdırılan büdcə göstəricilərinə ilkin olaraq baxılıb, eləcə də ASCO-nun Daxili Audit Departamentinin fəaliyyətinin təşkilinə dair və digər məsələlər ətrafında müzakirələr aparılaraq MŞ müvafiq qərarlar qəbul edib.
İclas zamanı MŞ-nın məşvərətçi orqanları olan Komitələrin tərkiblərinin yenilənməsi barədə də qərar qəbul edilib.
İclas iştirakçıları Cəmiyyətin cari fəaliyyəti ilə əlaqədar olan digər məsələləri də müzakirə edib.
MŞ ölkə prezidentinin 11 fevral 2021-ci il tarixli sərəncamına əsasən yaradılıb.