Azərbaycan və Türkiyə “Yaşıl Kart” sığorta sistemlərini inteqrasiya edir

Azərbaycan və Türkiyə “Yaşıl Kart” sığorta sistemlərini inteqrasiya edir Dövlət Gömrük Komitəsi (DGK) ilə İcbari Sığorta Bürosu (İSB) arasında aparılan inteqrasiya işləri saxta “Yaşıl Kart” müqavilələrinin satılması ilə bağlı yaşanan problemin həllinə öz töhfəsini verəcək.
İnfrastruktur
18 Yanvar , 2022 11:41
Azərbaycan və Türkiyə “Yaşıl Kart” sığorta sistemlərini inteqrasiya edir

Dövlət Gömrük Komitəsi (DGK) ilə İcbari Sığorta Bürosu (İSB) arasında aparılan inteqrasiya işləri saxta “Yaşıl Kart” müqavilələrinin satılması ilə bağlı yaşanan problemin həllinə öz töhfəsini verəcək.

“Report”un məlumatına görə, bunu İcbari Sığorta Bürosunun İcraçı direktoru Rəşad Əhmədov bu gün DGK və İSB arasında “Yaşıl Kart” müqavilələri ilə bağlı inteqrasiyanın tamamlanması münasibətilə keçirilən mətbuat konfransında bildirib.

“Son zamanlar İSB-yə “Yaşıl Kart”la bağlı saxta sığorta müqavilələrinin satılmasına dair xaricdə fəaliyyət göstərən “Yaşıl Kart” büroları tərəfindən bir çox məlumatlar daxil olur. Öz növbəsində İcbari Sığorta Bürosu vətəndaşların diqqətinə çatdırır ki, “İcbari Sığortalar haqqında” Qanunun 63.2.2-ci maddəsinə əsasən, Azərbaycanda qeydiyyatdan keçmiş avtonəqliyyat vasitəsinin sahibi Azərbaycanın “Yaşıl Kart”ını yalnız “Yaşıl Kart” sistemində fəaliyyət göstərmək hüququna malik olan yerli sığortaçılarla müqavilə bağlayaraq əldə etməlidir. Bu şirkətlərin siyahısı İSB-nin rəsmi internet səhifəsində mövcuddur və qanunun tələbinə əsasən mütəmadi olaraq rəsmi mətbuat orqanlarında dərc edilir”, - R. Əhmədov bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Türkiyənin “Yaşıl Kart” sığorta sistemlərinin inteqrasiya edilməsi ilə bağlı işlərə başlanılıb: “Proses tamamlandıqdan sonra Azərbaycana məxsus avtomobil Türkiyənin gömrük məntəqələrinə daxil olduqda “Yaşıl Kart”ın etibarlılığı elektron qaydada müəyyən ediləcək. Türkiyədə qeydiyyatdan keçmiş nəqliyyat vasitəsi də Azərbaycana daxil olarkən elektron sistem vasitəsi ilə sığorta təminatı barədə məlumat əldə ediləcək. Bu da öz növbəsində xaricdən ölkəmizə saxta “Yaşıl Kart” sığorta şəhadətnaməsi ilə daxilolmaların qarşısını alacaq”.

R. Əhmədov xatırladıb ki, İcbari Sığorta Bürosu zərərçəkən sığorta olunanların və zərər vurulan üçüncü şəxslərin maraqlarının müdafiəsi, eləcə də icbari sığorta sisteminin sabitliyi və inkişafını təmin etmək funksiyasını daşıyır.

Onun sözlərinə görə, İcbari Sığorta Bürosu ölkəmizdə “Yaşıl Kart” sistemi üzrə əlaqələndirici ixtisaslaşmış təşkilat kimi də fəaliyyət göstərir: “Beynəlxalq Yaşıl Kart Sistemində Azərbaycanı təmsil edir və qanunvericiliyin tələbinə uyğun olaraq Bürolar Şurasına üzv olan milli "Yaşıl Kart" Bürosunun funksiyalarını həyata keçirir".

Qeyd edilib ki, İcbari Sığorta Bürosunun təşəbbüsü ilə Azərbaycan və Türkiyə Respublikaları arasında həyata keçirilən inteqrasiya Beynəlxalq Bürolar Şurasının fəaliyyətində ilk təcrübədir.

Qeyd edək ki, “İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqının (İSB) elektron informasiya sistemi ilə Dövlət Gömrük Komitəsinin (DGK) elektron informasiya sistemi arasında “Yaşıl Kart” müqavilələrinin qüvvədə olub-olmamasının müəyyən edilməsi ilə bağlı məlumat mübadiləsi başa çatdırılıb. İnteqrasiya nəticəsində saxta “Yaşıl Kart”ların yayılması və istifadəsinin qarşısı alınacaq.

İSB-nin elektron informasiya sistemi ilə DGK-nın informasiya sistemi arasındakı məlumat mübadiləsi ölkəmizdə qeydiyyatdan keçmiş avtonəqliyyat vasitələrinin ölkəni tərk etməmişdən öncə gömrük məntəqələrində “Yaşıl Kart”ın etibarlılığının elektron formatda müəyyən edilməsinə və proseslərin sürətləndirilməsinə xidmət edir.

Son xəbərlər

Orphus sistemi