Bakı. 23 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Gömrük Komitəsinin və Gürcüstan Gəlir Xidmətinin nümayəndələri sərhəd keçid məntəqələrində (SKM) sanitariya və fitosanitariya yoxlamaları üçün risklərin idarə olunması və risk təhlilində Avropa standartlarının istifadəsinə dair ikitərəfli təlimdə iştirak ediblər.
BMT-nin Azərbaycandakı ofisindən "Report"a verilən məlumata görə, təlim "Azərbaycan və Gürcüstan arasında Qırmızı Körpü sərhəd-keçid məntəqəsinin inkişafına dəstək" layihəsi çərçivəsində baş tutub. Birgə layihə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) tərəfindən həyata keçirilir və Avropa İttifaqı tərəfindən maliyyələşdirilir.
Ümumilikdə, Azərbaycanın Tovuz, Astara, Xaçmaz, Balakən, Biləsuvar və Gürcüstanın Qardabani və Kazbegi SKM-lərini təmsil edən 25 nümayəndə Bakıda üçgünlük təlimdə iştirak edib.
Təlim çərçivəsində iştirakçılar sanitar və fitosanitar nəzarəti üzrə Dövlət Gömruk Komitəsinin iş prosedurunu öyrənmək üçün Azərbaycan Dövlət Gömrük Komitəsinin Mərkəzi Laboratoriyasına baş çəkiblər.
Layihənin ümumi məqsədi Gürcüstan və Azərbaycan arasında sərhəddən malların hərəkətinin asanlaşdırılmasına töhfə verməkdir.