Azərbaycan şirkətlərinin yükdaşıma həyata keçirdikləri ölkələrin sayı 51-ə çatıb.
Bunu "Report"a açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Yükdaşımalar departamentinin rəhbəri Sübhan Əbilov bildirib.
O qeyd edib ki, Azərbaycan şirkətlərinin yükdaşımalar həyata keçirdiyi ən uzaq məsafədə yerləşən ölkələr Şərqdə Çin və Monqolustan, Qərbdə isə Böyük Britaniyadır.
"Bu il ölkə tarixində ilk dəfə Çin, Pakistan və Böyük Britaniya ilə "İcazə blankları"nın mübadiləsi həyata keçirilib, avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarına başlanılıb. Əlbəttə, uğurlu göstəricilər həm də bu sahədə şəffaflıq, dürüstlük, ictimai iştirakçılığın təmin olunması ilə sıx bağlıdır", - deyə AYNA rəsmisi qeyd edib.
S.Əbilov vurğulayıb ki, avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları coğrafiyasının genişləndirilməsi, daşıyıcıların yeni bazarlara istiqamətləndirilməsi AYNA-nın əsas prioritetlərdəndir: "Beynəlxalq Nəqliyyat Forumunun (BNF) çoxtərəfli və çoxdəfəli icazələri ilə milli daşıyıcılar bütün Avropa ölkələrinə məhdudiyyətsiz yük daşımaq imkanına malikdir. BNF üzvü olmayan ölkələr istiqamətində isı daşımaların həyata keçirilməsi üçün də ikitərəfli qaydada "İcazə blankları"nın mübadiləsi aparılır. Məsələ ondadır ki, beynəlxalq yükdaşımalar sahəsində aparılmış islahatlar nəticəsində daşıyıcıların icazələrə çıxışı asanlaşıb, əlçatanlıq artıb. Tək hüquqi deyil, fiziki şəxslər də "İcazə blankları"nı rahatlıqla ala bilir".
"İcazə blankları"nın verilməsində xidmətin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın və əlçatanlığın təmin edilməsi məqsədilə vətəndaşlara Bakı, Xaçmaz və Yevlaxda fəaliyyət göstərən KOB evlərində xidmət göstərilməsinə başlanılıb. Görülən bu işlər statistikada da öz əksini tapıb. Belə ki, 2021-ci ildə verilən icazə blanklarının sayı 119 min idisə, 2023-cü ildə bu rəqəm 223 min 914 ədəd olub", - deyə o vurğulayıb.