Azərbaycan gəmiçiləri təlimlərə cəlb olunub

Azərbaycan gəmiçiləri təlimlərə cəlb olunub Noyabrın 10-na qədər davam edəcək təlimlərdə 100-ə yaxın yerli mütəxəssis iştirak edəcək
İnfrastruktur
8 Noyabr , 2016 09:51
Azərbaycan gəmiçiləri təlimlərə cəlb olunub

Bakı. 8 noyabr. REPORT.AZ/ Baltik və Beynəlxalq Dəniz Şurası (BİMCO) "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və “Caspian Marine Services” şirkətinin mütəxəssisləri üçün təlimlərə başlayıb. Bu barədə "Report"a QSC-dən bildirilib. 

Məlumata görə, təlimlərin məqsədi gəmiçilik sahəsində çalışan əməkdaşların beynəlxalq təcrübəyə yiyələnməsinə köməklik göstərmək və onları bu sahədə yeniliklərlə tanış etməkdir.

Təlimin ilk günündə çıxış edən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” sədrinin birinci müavini Zamiq İsmayılov “BİMCO”nun dənizçilər üçün təlim keçməsini yüksək qiymətləndirib. Onun sözlərinə görə, belə təlimlər yerli mütəxəssislərin təcrübə və biliklərinin təkmilləşdirilməsi üçün nəzərdə tutulub. 

Z.İsmayılov qeyd edib ki, təlimçilər gəmiçilik sahəsində dünyada baş verən ən son yeniliklərlə də iştirakçıları tanış edəcəklər. Gəmiçilikdə hər zaman yüksək ixtisaslı kadrların hazırlanmasına önəm verildiyini vurğulayan QSC rəsmisi bundan sonra da yerli mütəxəssislər üçün təlimlərin keçiriləcəyini bildirib.

“BİMCO”nun mütəxəssisləri tərəfindən dənizçilik sahəsində iqtisadiyyat, beynəlxalq konvensiyalar, çarter müqavilələri, konosament, yükə dəyən zərər və iddialar, təhlükəsizlik, ödəmələr və defoltlar, agentlər və brokerlər, dələduzluq və s. mövzular üzrə təlimlər keçiriləcək. Noyabrın 10-dək davam edəcək təlimlərdə 100-ə yaxın yerli mütəxəssis iştirak edəcək.

Qeyd edək ki, 1905-ci ildə Kopenhagendə (Danimarka) “Baltik və Ağ dəniz konfransı” adı ilə təsis edilən təşkilatın əsas məqsədi birlik formatında fəaliyyətdən gəlirlər əldə etmək və dəniz daşımaları sahəsində effektiv razılaşmaları dəstəkləmək olub. Sonralar “Baltik və Beynəlxalq Dəniz Şurası” adı ilə fəaliyyətini daha da genişləndirən bu təşkilatın hazırda gəmi sahibi, menecer, broker və agentlərdən ibarət 2200-dən çox üzvü var.

Son xəbərlər

Orphus sistemi