"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyası (ADDA) 2023/2024-cü tədris ili üçün tələbə qəbulu elan edib.
"Report" bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Nazirlər Kabinetinin təsdiqlədiyi plana əsasən, növbəti tədris ilində ADDA-ya ümumilikdə 220 tələbənin qəbulu nəzərdə tutulub. Ali təhsil müəssisəsinin “Dəniz naviqasiyası mühəndisliyi” ixtisasına qəbul Azərbaycan, rus və ingilis, “Gəmi energetik qurğularının istismarı mühəndisliyi” ixtisasına qəbul Azərbaycan və ingilis, “Gəmiqayırma və gəmi təmiri mühəndisliyi” ixtisasına qəbul Azərbaycan və rus, “Elektrik və elektronika mühəndisliyi” ixtisasına qəbul isə yalnız Azərbaycan dili bölməsi üzrə aparılacaq.
Qəbulu Dövlət İmtahan Mərkəzi I qrup (RK altqrupu) imtahanlarının nəticələrinə əsasən aparır. Abituriyent topladığı bala uyğun ADDA ixtisaslarını seçə bilər.
Akademiyaya qəbul üçün əlavə qabiliyyət imtahanı tələb edilmir.
İmtahandan öncə sağlamlıq haqqında arayış təqdim etməyə ehtiyac yoxdur. Yalnız tələbə adını qazananlar yaşadıqları ərazi üzrə poliklinikadan müvafiq sağlamlıq arayışı gətirəcəklər.
Akademiyanın tələbələri oxuduqları müddətdə pulsuz dərs vəsaitləri, geyim forması və gündə iki dəfə isti yeməklə təmin ediləcəklər. Yataqxana isə güzəştli şərtlə təklif olunacaq.