Azərbaycan dənizçiləri 20 Yanvar şəhidlərini anıb

Azərbaycan dənizçiləri 20 Yanvar şəhidlərini anıb “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) 20 Yanvar hadisələrinin 32-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.
İnfrastruktur
19 Yanvar , 2022 19:30
Azərbaycan dənizçiləri 20 Yanvar şəhidlərini anıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) 20 Yanvar hadisələrinin 32-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

"Report" ASCO-ya istinadən xəbər verir ki, tədbir Azərbaycanın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

ADDA-nın rektoru Heydər Əsədov bildirib ki, 20 Yanvar hadisələrinin baş verməsindən 32 il ötsə də, xalqımız indiyədək bu faciəni unutmur, azadlığa gedən bu yolda göstərilən qeyrət, iradə və hünərlə fəxr edir.

Rektor Ümummilli Lider Heydər Əliyevin 1990-cı il yanvarın 21-də həyatını təhlükə qarşısında qoysa da, ailə üzvləri ilə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdiyini diqqətə çatdırıb. O, qeyd edib ki, 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət də məhz ulu öndər Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıdışından sonra verilib.

H.Əsədov bildirib ki, ötən illər ərzində xalqımızın mübarizə əzmi əyilmədi, əksinə bu istiqamətdə gücümüzü artırdıq, iradəmizi möhkəmləndirdik. 2020-ci ildə Vətən müharibəsində qazandığımız Böyük Qələbə bunu bir daha sübut etdi. Məhz Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə haqq savaşımız torpaqlarımızın işğaldan azad olunması ilə nəticələndi. Bu zəfərlə həm 20 Yanvar, həm də Qarabağ müharibəsi şəhidlərinin qisası alınıb.

Sonra ADDA-nın “Humanitar fənlər” kafedrasının müdiri İlqar Abdullayev, baş müəllim Sevinc Rzayeva və 209 İ qrupunun tələbəsi Mirhəsən Səfərli çıxış edib. Onlar 20 Yanvar hadisələrinin tariximizə suverenliyimiz, müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda mübarizəmizin rəmzi kimi daxil olduğunu bildiriblər. Bununla belə, həmin günlərdə haqsızlıq və ədalətsizliyə etiraz edən dinc əhalinin sovet qoşunları tərəfindən amansızcasına qətlə yetirilməsi yalnız Azərbaycan xalqına qarşı deyil, insanlığa qarşı törədilən cinayət olduğu qeyd edilib.

Tədbirin sonunda ASCO-nun İctimaiyyətlə əlaqələr departamentinin hazırladığı “Azadlıqla bitən SOS” adlı tarixi-sənədli film nümayiş olunub.

Filmdə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi qanlı cinayət zamanı dənizçilərimizin nümayiş etdirdiyi yenilməzlik və qəhrəmanlıqdan bəhs olunur. Hadisələrin canlı şahidi olan dənizçilərin fikirləri əsasında hazırlanan sənədli film tutarlı faktların zənginliyi ilə seçilir.

Son xəbərlər

Orphus sistemi